DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ABŞ-da erməni havadarlarına xidmət edən qarayaxmalar

Senatda Ermənistanın işğalçı siyasətinə bəraət qazandırmağa çalışan bir şəxsin Azərbaycanda insan haqları ilə bağlı tədbir keçirib, Azərbaycana qarşı qarayaxma kampaniyasına dəstək verməklə, öz erməni havadarlarına xidmət göstərmiş olduğuna hər hansı şübhə yoxdur. Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov ABŞ-da Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına münasibətini bildirərkən söyləyib.

F.İsmayılov bildirib ki, keçirilən “Senat dinləməsi” son bir neçə ayda ABŞ-da Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının bir tərkib hissəsi kimi qəbul edilməlidir: "Tədbirin özünə gəldikdə isə, öncədən məqsədli şəkildə onun əhəmiyyət və miqyasını böyütmək niyyəti ilə yanıldıcı məlumatlar yayılıb və belə məlumatların elə ilk mənbəyi kimi növbəti dəfə erməni mediası olub. Tamamilə qeyri-rəsmi xarakter daşıyan tədbir “Senat dinləməsi” kimi qələmə verilib. Halbuki istənilən senator və konqresmen öz hüququndan istifadə edərək, Konqresin toplantı otaqlarında bu tipli qeyri-rəsmi tədbirlər keçirmək hüququna malikdir. Məsələn, ABŞ-da fəaliyyət göstərən “Qarabağ fondu” Konqresdəki Azərbaycan işçi qrupunun həmsədri Stiv Koenin dəstəyi ilə Konqresin təbliğinə dair tədbir təşkil edib. Hazırkı tədbirə isə əsas dəstək İllinoys ştatından olan senator Mark Körkdən gəlib ki, bu senatorun kimliyi və onun bu günə qədər tutduğu mövqe tədbirin əsas məqsədini ifşa etməyə imkan verir".

F.İsmayılov qeyd edib ki, bu senator ABŞ Nümayəndələr Palatasında konqresmen olan zaman Ermənistan dostluq qrupunun həmsədri postunu tutub, davamlı Ermənistana dəstək verib və bu gün də Senatda Ermənistanın işğalçı siyasətinə bəraət qazandırmağa çalışanların önündə gəlir: "Belə bir şəxsin Azərbaycanda insan haqları ilə bağlı tədbir keçirib, Azərbaycana qarşı qarayaxma kampaniyasına dəstək verməklə, öz erməni havadarlarına xidmət göstərmiş olduğuna hər hansı şübhə yoxdur. Yəni bu senator üçün Azərbaycan, onun vətəndaşları və ölkəmizdəki insan hüquqları əslində, heç bir maraq kəsb etmir. Ola bilsin ki, Makr Körkün son dövrlər nümayiş etdirdiyi ermənipərəst canfəşanlığına onun növbəti il Senata keçiriləcək seçkilərdə yenidən seçilməsinə ən az şans verilən Respublikaçı senator olması da təsir edir. Yəni ehtimal etmək olar ki, o, bu fəaliyyətləri ilə erməni icmasından daha böyük dəstək almağa ümidlidir".

Müşavirin sözlərinə görə, bu qeyri-rəsmi tədbirin ölkəmizə qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu söyləmə əsas verən digər bir məram həmin tədbirin çıxışçıları və eləcə də moderatoru Azərbaycana qarşı ardıcıl şəkildə əsassız tənqidlər yağdıranlar olublar: "Yəni, həmin şəxsləri tanıyanlardan heç kəs onlardan hər hansı ədalətli və obyektiv dəyərləndirmə və ya fikir gözləyə bilməzdi. Nəhayət, bu tədbirə heç bir senator və ya konqresmenin qatılmaması onun real əhəmiyyəti və ya daha doğrusu, əhəmiyyətsizliyinin göstəricisi olub. Əvəzində isə, azsaylı iştirakçılar arasında ABŞ-dakı erməni lobbisinin üzvləri və hətta özünü Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni separatçılarının təmsilçisi kimi təqdim edən şəxs də olub".

XƏBƏRİ PAYLAŞ