DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Böyük Britaniya hökuməti hər kəsi Dağlıq Qarabağ və işğal altındakı ətraf ərazilərə səfər etməməyə çağırıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu ölkənin Bristol şəhərində yerləşən “Regent Holiday” turizm şirkətinin Dağlıq Qarabağa qanunsuz səfərlər həyata keçirməsinə münasibət bildirib.

Səfirlikdən verilən məlumata görə, Böyük Britaniyanın xarici siyasət idarəsi tur operatorları da daxil olmaqla, hər kəsə Dağlıq Qarabağ və hərbi işğal altında olan ətraf ərazilərə səfər etməməyi tövsiyə edib. Tövsiyədə qeyd olunub ki, Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edən istənilən şəxsin Azərbaycana girişi qadağan ediləcək. “Xarici siyasət idarəsinin saytında Azərbaycana səfər tövsiyələri ilə bağlı bölmədə bu barədə ətraflı məlumat verilib”, - deyə səfirliyin açıqlamasında bildirilib.

Xatırladaq ki, Böyük Britaniyanın Bristol şəhərində yerləşən “Regent Holiday” turizm şirkəti Dağlıq Qarabağa qanunsuz səfərlər həyata keçirməyi planlaşdırır. Şirkət Dağlıq Qarabağa qrup səfərlərinin gələn il mayın 6-dan başlayacağının anonsunu verib. Səfər Ermənistandan başlayacaq və 11 günlük olacaq. Növbəti səfər isə 28 avqusta planlaşdırılır. Turistlərə İrəvandan başlayaraq Dağlıq Qarabağda Şuşa və Xankəndi şəhərlərinə səfər təklif edilir. Şirkətin saytında Dağlıq Qarabağ "1992-ci ildə müstəqilik qazanmış, Azərbaycan daxilindəki erməni anklavı" kimi göstərilib və onun müstəqilliyinin heç bir dövlət tərəfindən tanınmadığı diqqətə çatdırılıb. /APA/

XƏBƏRİ PAYLAŞ