DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT-in Minsk qrupunun gizli missiyası münaqişədə status-kvonun saxlanılmasıdırmı?

Təəssüf ki, çox vaxt xəstəni müalicə etməli olan həkimlər qeyri-peşəkarlıqları ucbatından onu şikəst edir, məmurlar xalqa xidmət etmək əvəzinə rüşvət alır, beynəlxalq institutlar isə münaqişələrə sülh gətirmək yerinə əlavə çətinliklər yaradırlar.

İstəməzdik ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu yekunda regionda hərbi fəaliyyətin başlamasının dolayısilə səbəbkarı olsun. Lakin hər şey buna doğru gedir. Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytarmağa, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinə kömək etməli olan mediatorlar regionda saxlanılan status-kvonun dolayısilə səbəbkarına çevriliblər.

AŞ PA-nın Siyasi məsələlər komitəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və digər ərazilərdən çıxarılmasına, Minsk prosesi çərçivəsində Azərbaycanın həmin ərazilər üzərində tam suverenliyini tanımağa çağıran qətnamə layihəsinin Minsk qrupu tərəfindən narazılıqla şərh edilməsi faktı narahatlıq doğurur.

Amerikalı həmsədr Ceyms Uorlik bildirib ki, AŞ PA və digər təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamə qəbul etməzdən əvvəl Minsk qrupu ilə məsləhətləşməlidirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yerevanda eyni fikri səsləndirib.

Maraqlıdır ki, Minsk qrupu münaqişədə irəliləyişə səbəb ola biləcək istənilən təşəbbüsləri dəstəkləməli olduğu halda, digər qüvvələrin müdaxiləsinin əleyhinə çıxış edir. Özün 20 ildən artıqdır münaqişənin həllinə kömək edə bilmirsən, heç olmasa, başqalarına mane olma. Lakin həmsədrlərin indiki halda özlərini belə aparması Minsk qrupunun gizli missiyasının status-kvonun saxlanılması olduğu fikrini yaradır.

Ermənistanın Azərbaycan ərazilərini cəzalanmadan işğal etdiyi və bunu Ermənistana xatırladanda onun hiddətləndiyi vəziyyət yalnız Yerevanı qane edir. Əlbir olduqları şübhəsinə düşmək istəmirsən, lakin münaqişənin həllində maraqlar birtərəfli şəkildə dəstəklənir.

Elmira Tariverdiyeva – Trend

XƏBƏRİ PAYLAŞ