DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılması İslam mədəniyyətinə qarşı terrordur (FOTO)

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Sessiyanın açılışında beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

ISESCO-nun Baş Konfransının XII sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırdı. ISESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini deyən dövlətimizin başçısı qurumun son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirdi. Ölkəmizin ISESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, indiyədək təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. “ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib”, - deyən dövlətimizin başçısı bu mövqeyinə görə baş direktor Əbdüləziz Osman əl-Tuveycriyə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, münaqişə uzun illərdir davam edir, ərazimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayan dövlətimizin başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirdi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı qeyd etdi ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiyaları orada hər şeyin, həmçinin 10 məscidin dağıdıldığını müəyyən ediblər. “Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur”, - deyən Azərbaycan Prezidenti son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, İslamın sülh dini olduğunu bəyan etdi. Azərbaycanın islamofobiyaya qarşı mübarizə apardığını diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verdiyini, Azərbaycanın dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. “Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”, - deyən dövlətimizin başçısı ISESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu il tarixdə ilk dəfə Bakıda birinci Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bunun təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi olduğunu deyən dövlətimizin başçısı ölkəmizin dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına töhfə verdiyini diqqətə çatdırdı.

Çıxışının sonunda ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin xidmətlərini vurğulayan Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsində və ikitərəfli əlaqələrin inkişafında onun böyük rol oynadığını dedi və ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordenini ona təqdim etdi.

Əbdüləziz Osman əl-Tuveycri bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə, həmçinin yüksək ordenə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Təşkilatın fəaliyyət proqramı və Baş Konfransın qarşısında duran gələcək planlar barədə danışan Əbdüləziz Osman əl-Tuveycri növbəti üç il ərzində Baş Konfransın əsas fəaliyyət proqramını açıqlayarkən bildirdi ki, başlıca diqqət gənclərin İslam dəyərlərinin gücləndirilməsi işinə səfərbər olunmasına, üzv dövlətlərin təhsil, elm və mədəniyyət sahələrində keyfiyyətli idarəçiliyin təşkilinə yönəldiləcək. Baş direktor bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişaf bütün İslam aləmində müasir dövlətin nümunəsidir. Qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edən ISESCO-nun baş direktoru bu nailiyyətlərin davamlı olacağına əminliyini ifadə etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirərək işğal olunmuş ərazilərin tezliklə azad edilməsinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının zəruriliyini diqqətə çatdırdı.

Daha sonra mükafatlandırma mərasimi oldu. ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatına Nigeriyanın nümayəndəsi layiq görüldü.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdirdilər.

Daha sonra dövlətimizin başçısı və xanımı konfrans iştirakçıları ilə görüşərək onlarla söhbət etdilər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda ISESCO-nun Baş Konfransının XII sessiyasının və İcraiyyə Şurasının toplantısının Bakıda keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Budəfəki konfransda müzakirə olunan məsələlərin müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacağı, qəbul ediləcək qərarların isə İslam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyi bildirilir.

Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ikitərəfli əlaqələr uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

Prezident İlham Əliyev: Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılması İslam mədəniyyətinə qarşı terrordur (FOTO) Prezident İlham Əliyev: Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılması İslam mədəniyyətinə qarşı terrordur (FOTO) Prezident İlham Əliyev: Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılması İslam mədəniyyətinə qarşı terrordur (FOTO)
XƏBƏRİ PAYLAŞ