DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan qoşunları tam çıxarılmalıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının tam çıxarılması ilə başlanmalıdır.

Dailykarabakh xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda ATƏT Xarici işlər Nazirləri Şurasının iclasında deyib.

Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır.

E. Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: “Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur”.

Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini talan etdiyini də diqqətə çatdırıb. “Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər”, - deyə nazir əlavə edib.

XƏBƏRİ PAYLAŞ