DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan öz haqlılığını dünyaya sübut edə biləcəkmi? (VİDEO)

Azərbaycan-Ermənistan prezidentləri bir illik fasilədən sonra yenidən bir araya gəldi. Bern görüşü Qarabağ düyününü aça biləcəkmi? Bu və digər məsələlər haqda “Bu həftə”nin studiya qonağı siyasi şərhçi Arzu Nağıyevlə söhbət apardıq.

Prezidentlərin görüşü artıq baş tutdu və bu barədə artıq ilkin açıqlamalar da var. Bu nəticə və ya nəticənin olmaması gözlənilən idimi?

- Əlbəttə, həm Azərbaycan, həm Ermənistan prezidentlərinin bu görüşdə iştirak etməyəcəyi ilə bağlı mülahizələr var idi. Hətta ATƏT-in Minsk qrupunun nümayəndələri də bu barədə öz bəyanatlarını yaymışdılar. Cəbhədə vəziyyətin günbəgün gərgin vəziyyət alması görüşün özünün baş tutacağını sual altına alırdı. Bu görüşün baş tutmasının əsas məqsədi regiondakı nüfuz məsələsi idi. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu görüşün keçirilməsinin labüd olması ilə bağlı bir neçə dəfə təşəbbüs göstərmişdi. Lakin bunun əleyhinə olan digər qüvvələr də vardı. Bununla ABŞ regionda bu münaqişənin həllində öz nüfuzunu göstərməyə çalışırdı.

- İnformasiya kifayət qədər azdır. Amma ola bilərmi ki, açıqlanmayan bəzi məqamlar olsun və bu dəfəki görüş Dağlıq Qarabağ probleminin həllində əsaslı dönüşə çevrilsin?

- Hər şey səbəb və məqsəddən doğur. Bu görüşün təşkilinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ibarətdir. Sülh yolu ilə həll məqamları Madrid prinsipləri, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə apardığı görüşlərdə öz əksini tapıb. Bugünki gün bizim əsas məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə ərazi bütövlüyü məsələsi ilə başlamaqdır. Bu regionun ərazi bütövlüyünü həm Azərbaycan, həm Ermənistan qəbul etdikdən sonra digər məsələlərə qayıtmaq olar. Burada ən acınacaqlı məqam Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul etmək fikrinin olmamasıdır. Bu gün danışıqlar masasına əyləşdiyimiz zaman əsas məqsədimiz ərazi bütövlüyü məsələsinin təsbit olunmasıdır. Bu şərt qəbul olunarsa artıq Dağlıq Qarabağ ərazisinə müəyyən statusun verilməsi, əhalinin yerləşdirilməsi, qoşunların təmas xəttindən çəkilməsi ilə status-kvo aradan götürülür. Lakin təəssüf ki, bu status-kvonu uzatmaq nəinki Ermənistan, həmçinin onun havadarlarının da xeyrinədir. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri deklorativ addımlardan bir qədər dərinə gedə bilmirlər. Onlar heç bu gün də qəbul edə bilmirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, bu, BMT tərəfindən qəbul olunub.



- Video görüntülərə baxanda görmək olur ki, istər görüşdən əvvəl, istərsə də sonra bizim prezidentimiz kifayət qədər təmkinli, özünə inamlı təsir bağışlayır, gülümsəyir, amma Serj Sarkisyan elə bil bir qədər dilxor görünür. Təbii ki, buna istinadən heç bir dəqiq mülahizə yürütmək mümkün deyil, amma yenə də... Ehtimal olaraq nə düşünmək olar? Bu nədənsə xəbər verə bilər?

- Əlbəttə. Təbii ki, bu görüş baş tutursa, Serj Sarkisyanın planları baş tutmur. O ağlamış bir vəziyyətə də düşə bilər. Məlumdur ki, biz düzük. Biz hər kəsə nə istədiyimizi açıq şəkildə deyə bilirik. Lakin onlar öz istəklərini ortaya qoya bilmir. Bu gün istəyimiz bu müharibənin sülh yolu ilə həllidir. Hər gün şəhid verilir, artıq ağır texnikadan istifadə edilir. Regionda sabitlik pozulur. Rusiya-Türkiyə qarşıdurmasından sonra 102-ci briqadada canlı qüvvənin, texnikanın sayı artmaqdadır, balans pozulur. Bu da DQ münaqişəsinin həllində müsbət addım deyil. Bu gün bu regionda baş verə biləcək hər hansı qarşıdurma bütün dünyanın istər siyasi, istərsə də iqtisadi arenasına böyük təsirlər göstərir.

- Münaqişənin həllinə yeni yanaşma mümkündürmü?


Heç kim deyə bilməz ki, bu münaqişə tək Azərbaycan Ermənistan arasında olan münaqişədir. Bu yalnız iki dövlət arasında olsaydı artıq çoxdan xətm olunmuşdu. Azərbaycan ordusu həm təchizat, həm texniki, həm nizam-intizam cəhətdən erməni ordusunu qat-qat üstələyir. Münaqişənin sülh yolu ilə həll olunmasının bir neçə variantları var. Bu gün mən güc nümayiş etdirməliyəm ki, düşmən dövlət mənim gücümü görə və mənimlə eyni masa arxasında otura. Hal-hazırda regionda böyük ölkələrin qarşıdurması var. Rusiya və Türkiyə qarşıdurması fonunda bunu söyləmək olar ki, bu münaqişə üçün nəzərdə tutulan texnika Ermənistana gedə bilər. İranla Ermənistan arasında 140 km-lik bir məsafədə Boz zona deyilən nəzarətsiz yer var ki, ermənilər orada narkotik yetişdirir, qeyri-qanuni işlər aparır. Lakin Rusiya o zonanı özününküləşdirməyə çalışır. Bir sözlə, bütün dünya bilir ki, Dağlıq Qarabağ müharibəsi böyük lokal bir müharibəyə keçə bilər. Buna görə ən gözəl yol münaqişənin sülh yolu ilə həllidir. Bunun üçün də danışıqlardan başqa Ermənistana güc də nümayiş etdirmək lazımdır ki, “mən səni gücümlə də yenib masa arxasına otuzdura bilərəm” deyək.

- Münaqişənin hərb yolu ilə həll olunması məsələsindən bizə qarşı istifadə edilə bilərmi?

- Bütün müharibələrdən ən gözəli sülhdür. Müharibə itkisiz olmur. Müharibələr artıq başqa sahələrdə aparılır. Bu təbliğat, innovasiya və s. sahələrdədir. DQ münaqişəsi Madrid prinsipləri çərçivəsində öz həllini tapmalıdır. Ermənistanın məqsədi vaxtı uzatmaqdır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkib hissəsi olduğuna görə, buna da güvən yeri kimi baxır.

- Görüşdən bir qədər sonra Serj Sarkisyanın Moskvaya səfər edəcəyi açıqlandı və artıq o Rusiya paytaxtındadır. Bunun Prezidentlərin görüşü ilə əlaqəsi ola bilərmi? Düzdür, rəsmi versiya belədir ki, Ermənistanın dövlət başçısı KTMT-nin sessiyasında iştirak etmək üçün gedib.

- Təbii ki, burada həm hesabat vermə, təlimat alma kimi məqamlar göz önündədir. Həm də dünyaya bəyan etmək istəyir ki, mən Rusiya ilə bir yerdəyəm, KTMT-nin üzvüyəm. Hal-hazırda Ermənistanın özünün daxilində gərginlik böyükdür. Sarkisyan bu gün bir daha göstərir ki, məni burada əyləşdirənlərin marağı olmasa mən burdan gedən deyiləm, mən öz havadarlarımla birgəyəm.

- Azərbaycan öz haqlılığını dünyaya sübut edə biləcəkmi? Və Dağlıq Qarabağ münaqişəsinin həlli sülhlə mümkündürmü?

- Sülh birinci şərtdir. Bu gün ölkə prezidenti humanizmi, danışıqları üstün tutaraq bu görüşə gedirsə, demək o, sülhü daha əsas götürür. Lakin Ermənistanın tərəfdaş olduğu dövlətlər bunun əleyhinədir. Sülh o deməkdir ki, region inkişaf edir, regionda müxtəlif beynəlxalq layihələr həyata keçirilir. Azərbaycan və Ermənistan isə bugünki gün bir-birindən çox fərqlənən iki ölkədir. Azərbaycan həm gücü, həm inkişafı, həm beynəlxalq arenada apardığı siyasətlə Ermənistanı çox arxada qoyub. Eyni zamanda haqlı olan Azərbaycandır. Çünki biz heç kimin torpağını zəbt etməmişik, öz torpağımızda, öz ölkəmizdə işlərimizi aparmaqla məşğuluq. Mən inanıram ki, Dağlıq Qarabağda yaşayan ermənilər həqiqi refendum keçiriləcəyi təqdirdə Azərbaycanla birləşməyə bu gün hazırdırlar.

XƏBƏRİ PAYLAŞ