DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Əli Həsənov: “Kris Smit Azərbaycanın ABŞ-la münasibətlərinə kölgə salmağa çalışır“

Azərbaycan belə məsələlərə yanaşmada ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur.

Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata konqresmen Kris Smitin Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı hazırladığı layihəni şərh edərkən deyib.

PA rəsmisi bildirib ki, Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil: “Bu konqresmeni Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər vəcdlə Azərbaycanın ABŞ-la münasibətlərinə kölgə salmağa çalışdığını, özünü Koqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox yaxşı bilirik“.

Ə.Həsənovun sözlərinə görə, Kris Smit ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanıması üçün canfəşanlıq edən çoxsaylı ermənipərəst konqresmenlərdən biridir: “Elə bu il ərzində o bir neçə dəfə “soyqırım”ın tanınması zərurəti ilə bağlı bəyanat verib, hətta ABŞ prezidentinə müvafiq yalvarış-müraciət də imzalayıb. Bir sözlə, bu adamın reputasiyasına münasibətim necədirsə, onun hazırladığı layihəyə də eynilə o cürdür. Əsas odur ki, indiyədək rəsmi Vaşinqton K.Smitin nə “erməni soyqırımı”, nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə əhəmiyyət verməyib. Odur ki, bu məsələni ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə düşəcək. Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var. Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan haklmiyyətindən ABŞ-la strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrlə olduğu kimi, ABŞ-la da münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik.

Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın“.

XƏBƏRİ PAYLAŞ