DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

XİN Dağlıq Qarabağla bağlı hesabatını verdi

2015-ci il mürəkkəb geosiyasi proseslər, beynəlxalq müstəvidə qlobal qarşıdurmaların artma tendensiyaları, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizmin kəskinləşməsi, maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranlarla yadda qalıb.

Dailykarabakh-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Hesabatda bildirilib ki, dünya siyasətində dövlətlərin daxili işlərinə müdaxilə və suveren hüquqlarına məhəl qoyulmaması, həmçinin ikili standartların tətbiqinin güclənməsi şəraitində Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti milli maraqların qorunması və təhlükəsizliyin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkənin bütün sahələrdə potensialının daha geniş şəkildə təşviq olunmasına yönəlib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının iradəsi, maraq və dəyərləri əsasında həyata keçirilən müstəqil xarici siyasət kursu cari beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli proseslərin mənfi amillərinin təsirinin azaldılmasına, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında münasibətlərin inkişafına, iqtisadi-ticarət və humanitar əlaqələrin genişlənməsinə xidmət etmişdir. İl ərzində əldə olunmuş nailiyyətlər ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, iqtisadi-sosial sabitliyin təmin olunması, həmçinin qanunun aliliyi və vətəndaşların hüquq və maraqlarının təmin edilməsi imkanlarının daha genişlənməsinə əsas yaratmışdır".

XİN bəyan edib ki, ötən il diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsi üzərində cəmləşib. 2015-ci il bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təsisatların qərarları ilə səciyyəvi olub:

"Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması zərurəti Avropanın mühüm siyasi və hüquqi təsisatlarının 2015-ci ildə qəbul etdiyi qərarlarında da öz əksini tapmışdır. Beynəlxalq birliyin tələb, təkid və çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətini davam etdirmiş və ötən il bu ərazilərdə qondarma “seçkilərin” keçirilməsinə cəhd etmişdir. Beynəlxalq hüquqa zidd olan bu addımlar dünya birliyi tərəfindən birmənalı qaydada pislənilmişdir. İƏT, ATƏT, Avropa İttifaqı və NATO rəsmiləri işğal olunmuş ərazilərdə keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və qeyri-qanuni hesab etdiklərini bildirmişlər. Eyni zamanda, ABŞ, Fransa, Rusiya, Türkiyə və bir çox digər ölkələr bu “seçkiləri” tanımadıqlarını bəyan etmişlər.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında aparılan maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində fəal işlər davam etdirilmiş, bu faciənin anılması üçün müxtəlif ölkələrdə çoxsaylı tədbirlər keçirilmişdir. Xocalı soyqırımı ilə bağlı İƏT Nazirlər Şurası xüsusi qətnamə qəbul etmiş və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün üzv ölkələri lazımi səylər göstərməyə çağırmışdır. Bununla yanaşı, Qvatemala Konqresində, həmçinin ABŞ-ın Pensilvaniya ştatının nümayəndələr palatasında və Arizona ştatının senatında Xocalı soyqırımına dair qətnamələr qəbul edilmişdir. ABŞ-ın Konnektikut ştatının Nümayəndələr palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etmiş, Corciya və Yuta ştatlarının qubernatorları isə Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatla çıxış etmişlər".

XƏBƏRİ PAYLAŞ