DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Novruz Məmmədov: “Dünyada gərginlik çoxdur, sanki növbə hələ Dağlıq Qarabağ məsələsinə gəlib çatmayıb”

“Hələ Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin görüşündə də irəliyə doğru addım atılmadı”.

Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri irəliyə doğru addım atıldığını bildirməyə çalışsalar da, bu, belə deyil: “Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır”.

N. Məmmədov qeyd edib ki, həmsədr dövlətlərin də Qarabağ münaqişəsinin həllinə diqqəti yetərincə deyil: “ABŞ prezidenti Barak Obama ölkəsinə və dünyaya müraciətində dedi ki, dünyanın müxtəlif yerlərində olan “qaynar” nöqtələrə xüsusi diqqət yetiririk. Ancaq həmin siyahıda biz yoxuq. Gərginlik nöqtələri çoxdur, yəni sanki bizə növbə hələ gəlib çatmır. Halbuki müstəqillik qazandığımız dövrdə korrekt addımlar atılsaydı, bəlkə də indi dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişə həllini tapsaydı, digər münaqişələr də olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb”.

N. Məmmədovun sözlərinə görə, ATƏT-də sədrliyi qəbul edən Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağını bildirib. /APA/

XƏBƏRİ PAYLAŞ