DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Zakir Həsənov: Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olub.

Dailykarabakh-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z.Həsənov çıxışında ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib.

Nazir bildirib ki, əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir: "Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir".

Z.Həsənov Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Müdafiə naziri daha sonra qeyd edib ki, Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib: "Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər, cənab prezidentin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır". Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur".

Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan nazir vurğulayıb ki, son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verilib. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər yenə davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib.

XƏBƏRİ PAYLAŞ