DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Fransa Senatının üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar

Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyəti fevralın 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Dövlət Komitəsindən Dailykarabakh-a bildirblər ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ağır nəticələri barədə məlumat verib.

Bildirilib ki, bu münaqişə XX əsr Azərbaycan tarixinin ən ağır dövrü kimi tarixə düşüb. Ermənilərin öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiklərini bildirən komitə sədrinin müavini deyib ki, 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi şəkildə qətlə yetirilib. Onların yaşadıqları kəndlər talan edilib, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınıb. Ermənilərin növbəti çirkin əməlləri isə 1948-1953-cü illərə təsadüf edir. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilib, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyona yaxın azərbaycanlının məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını faktlarla diqqətə çatdıran komitə sədrinin müavini Xocalı soyqırımı barədə də Fransa Senatının üzvlərinə məlumat verib.

Azərbaycan Hökumətinin əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər gördüyünü vurğulayan G.Fərhadov qeyd edib ki, bu günədək məcburi köçkünlər üçün 96 müasir infrastruktura malik qəsəbə inşa olunub. Bu qəsəbələrə ağır şəraitdə yaşayan 49 min məcburi köçkün ailəsi köçürülüb.

Sonra qonaqlar Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıblar.

Fransa Senatının üzvləri Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaradılan şəraitlə də tanış olublar.

XƏBƏRİ PAYLAŞ