DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasəti - HESABAT

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatda Ermənistan tərəfindən işğal olunmuş ərazilərə, xüsusilə Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına Ermənistan və digər ölkələrdən ermənilərin köçürülməsi və həmin ərazilərdə məskunlaşdırılmasına dair kifayət qədər ciddi faktlara rast gəlinir.

Dailykarabakh-ın məlumatına görə, göstərilir ki, Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarını “özününküləşdirmək” istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də həmin ərazilərə Ermənistan və digər ölkələrdən erməni əhalinin qanunsuz köçürülməsi və yerləşdirilməsidir. Bu fəaliyyət Ermənistan tərəfindən nəzarət olunan “Hayastan All-Armenian Fund” təşkilatının “Artsak kəndlərinə yenidən əhalinin köçürülməsi” adlı xüsusi layihəsi əsasında həyata keçirilir. Bunda əsas məqsəd işğal olunmuş ərazilərdə gəlmə əhalinin sayını sürətlə artırmaq və həmin əraziləri iqtisadi cəhətdən inkişaf etdirməklə, daha çox gəlmə ermənilərin köçməsinə və məskunlaşmasına şərait yaratmaqdır.

Hesabatda bildirilir ki, Ermənistan hökuməti işğal olunmuş ərazilərə köçüb məskunlaşmaya həvəsləndirmək üçün ermənilərə xüsusi güzəştlər təqdim edir. Bu güzəştlər sırasında maddi yardımların verilməsi (ev, torpaq və sair şəklində), pulsuz tikinti materialları ilə təmin olunması, xüsusi sahibkarlığın həvəsləndirilməsi, adambaşına birdəfəlik sosial müavinətin ayrılması, kənd təsərrüfatını inkişaf etdirmək üçün kreditlərin verilməsi, vergidən azad olmanı göstərmək olar.

Həmin ermənilər ilə bağlanmış müqavilələrə görə, onlar 10 ildən artıq işğal olunmuş ərazilərdə yaşadıqları təqdirdə, onlara ianə edilmiş mülklərin tam “qanuni sahibkar”larına çevrilirlər. Son üç ildə qanunsuz məskunlaşmış əhaliyə tikinti materialları almaq üçün 3 milyard erməni dramı məbləğində maddi yardım göstərilib. Təkcə 2015-ci ildə 350 milyon dram bu məqsədlə verilib. Əgər 2005-ci ilə qədər potensial gəlmələr Yerevanda yerləşən “Artsakh Komitəsi” və ya həmin ərazilərdə yerləşmiş qohumları vasitəsilə məlumat alırdılarsa, 2010-cu ildən Ermənistanın televiziya kanalları vasitəsilə məlumat verilməklə bu proses daha kütləvi xarakter almağa başlayıb. Bu isə işğal olunmuş ərazilərdə Ermənistanın köçürmə və məskunlaşdırma siyasətini planlı şəkildə apardığını bir daha təsdiq edir.

Hesabatda həmçinin bildirilir ki, bu istiqamətdə görülmüş tədbirlərin nəticəsi olaraq, işğal olunmuş ərazilərdə gəlmə əhalinin sayı artmağa başlayıb. 2001-ci ildə 36.000 nəfər əhalinin məskunlaşdırılmasına dair 10 illik plan qəbul edilib. Xüsusi diqqət yetiriləsi məqam ondan ibarətdir ki, Ermənistan gəlmə əhalinin daha çox qondarma “Kashatag” (işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonları) və “Şaumyan” (işğal olunmuş Kəlbəcər rayonu) adlandırdıqları ərazilərdə məskunlaşmasına çalışır. Bu, həmin ərazilərin strateji yerləşməsi, həmçinin su resursları, minerallar, enerji potensialı və kənd təsərrüfatı üçün münbit torpaqlar da daxil olmaqla iqtisadi cəlbediciliyi ilə izah olunurErmənistan Araz çayı boyunca ərazilərə - Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında gəlmə əhalinin artırılmasına xüsusi olaraq çalışır.

Bu məqsədlə, “Araks Project” adlı xüsusi baş plan hazırlanıb. Məskunlaşma layihələrini maliyyələşdirmək üçün 2013-cü ildə “National Artsakh Lottery” proqramına başlanılıb. Proqram çərçivəsində dünyada və Ermənistanda yaşayan ermənilərə 300.000 bilet satılıb və biletlərdən əldə olunmuş vəsait (300.000 milyon dram) işğal olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinə xərclənib. Ümumiyyətlə, Ermənistan hökumət qurumlarının özlərinin etiraf etdikləri kimi, işğal olunmuş ərazilərin bütün sahələrində gəlmə əhali yerləşdirilib və sayları artırılıb.

İşğal olunmuş ərazilərdə gəlmə əhalinin sayını artırmaq məqsədilə Ermənistan həmçinin ailələr üçün müxtəlif sosial proqramlar həyata keçirməyə çalışır. Məsələn, ilk doğulan uşaq üçün 234, ikinci uşaq üçün 484, üçüncü uşaq üçün 1217, dördüncü uşaq üçün isə 1732 ABŞ dollarının verilməsi, altıuşaqlı ailələrə pulsuz evin verilməsi kimi proqramlar həyata keçirilir.

İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma ilə bağlı ən ciddi narahatçılıq doğuran məqam Suriya ermənilərin həmin ərazilərə köçürülməsi və bu prosesə Ermənistanın Diaspor Nazirliyi də daxil olmaqla dövlət qurumlarının birbaşa cəlb olunmasıdır. Suriyadan, xüsusilə Qamışlı və Hələb şəhərlərindən çoxlu ermənilər işğal olunmuş Zəngilan, Qubadlı və Laçın rayonlarına köçürülüb və məskunlaşdırılıb. Onların əksəriyyəti Zəngilanın Mincivan və Qubadlının Xanlıq kəndlərində yerləşdirilib, bir hissəsi işğal olunmuş Xocalı rayonuna, qalan hissəsi digər ərazilərə köçürülüb. Qeyd etmək lazımdır ki, Suriya ermənilərinin xüsusilə Laçın, Qubadlı və Zəngilan rayonlarında yerləşdirilməsinin əsas səbəblərindən biri də onların kənd təsərrüfatı sahəsində təcrübəli olmalarıdır, Ermənistan bu üsulla həmin əraziləri inkişaf etdirib daha çox gəlmə əhali cəlb etməyə cəhd edir.

Suriya erməniləri işğal olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən xüsusi güzəştlərlə yararlanırlar. Suriya ermənilərinin işğal olunmuş Zəngilan, Kəlbəcər və Laçın rayonlarında ev tikmələri üçün Ermənistan İnqilabi Federasiyası Yerevanda “Qardaşına kömək et” adlı proqram çərçivəsində “Kashatag Foundation” təşkilatına 32.000 ABŞ dolları yardım edib. 2014-cü ildə “Tufenkian Foundation” təşkilatı Zəngilanda yerləşən Suriya ermənilərini ev tikmək üçün tikinti materialları ilə təmin edib. Qeyd etmək lazımdır ki, işğal olunmuş ərazilərə Yaxın Şərqdən ilk erməni 1999-cu ildə Beyrutdan gəlib və ilk Suriyalı erməni ailə isə 2008-ci ildə hələ Suriya böhranından qabaq köçürülüb.

Məlumatlara görə, Ermənistan hökuməti Suriya ermənilərinin 90 faizindən çoxuna vətəndaşlıq verib. Onlar üçün pasportlar Suriya və Livan, eləcə də Yerevanda hazırlanır və Ermənistan parlamenti həmin pasportlar üçün dövlət rüsumunu azad edən xüsusi qanun qəbul edib.

Ümumiyyətlə, işğal olunmuş ərazilərdə yerləşdirilən ermənilərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. 2012-ci ilin oktyabr ayında işğal olunmuş Zəngilan və Qubadlı rayonlarında məskunlaşdırılmış 800 erməni ailəsi sıralarında Suriya erməniləri də olub. Bəzi erməni mənbələrinə görə, 2015-ci ildə işğal olunmuş ərazilərdə Suriya ermənilərinin sayı bir neçə yüz nəfərə çatıb. Ermənistanın Diaspor Nazirliyinin verdiyi məlumata görə, 2011-ci ildə Suriyadan Ermənistana daxil olmuş 16.000 ermənidən 11.000 nəfəri Ermənistanda qalıb və onların da müəyyən bir hissəsi işğal olunmuş ərazilərə köçürülüb. Bu səbəbdən həmin ərazilərdə məskunlaşmış Suriya ermənilərinin sayının daha çox olduğunu ehtimal etmək olar. Hətta Suriya ermənilərinin Ermənistan silahlı qüvvələrində xidmət etmələri barəsində də məlumatlar vardır.

Erməni diasporu Suriya ermənilərinin işğal olunmuş ərazilərdə yerləşdirilməsində xüsusi canfəşanlıq göstərir. Tufenkian Foundation, “The Assistance To Self-Determined Artsakh Charitable Foundation” və digər erməni təşkilatları məskunlaşma layihələrini böyük həvəslə maliyyələşdirirlər. Məsələn, Boston erməni icması bu məqsədlə 1.3 milyon ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, Ermənistan hökuməti işğal olunmuş ərazilərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün Suriya ermənilərinə xüsusi imtiyazlı kreditlər ayırır.

Beləliklə, Suriya erməniləri də daxil olmaqla, erməni gəlmə əhalini işğal olunmuş ərazilərdə məskunlaşdırmaqla və onlara bütün formalarda yardım və dəstək göstərməklə, Ermənistan işğal olunmuş əraziləri tam olaraq “erməniləşdirməyə” çalışır və həmin ərazilərin original demoqrafik vəziyyətini dəyişdirməklə, bu torpaqlarda tarixən guya yalnız erməni əhalisinin yaşadığına dair saxtalaşdırılmış sübutlar təqdim etməyə cəhd edir. Bu siyasətin əsas məqsədi işğal olunmuş ərazilərin ilhaq edilməsidir. Əgər Ermənistan açıq-aşkar işğal olunmuş ərazilərin ilhaqı siyasətini yürüdürsə, onda Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirakının yalandan başqa bir şey olmadığı bir daha özünü göstərir.

XƏBƏRİ PAYLAŞ