DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Novruz Məmmədov: "Vaxtında dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, bu gün bu qədər münaqişə olmazdı" (ƏLAVƏ OLUNUB)

Vaxtında dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, bu gün dünyada bu qədər münaqişə olmazdı. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi" panelində deyib.

N.Məmmədovun sözlərinə görə, ötən əsrin 90-cı illərində Varşava Müqaviləsi Təşkilatı ləğv olunandan sonra yeni dünyada yeni bir mərhələ başladı: "Avropa İttifaqının, Avropa ölkələrinin, Qərbin dünyaya mesajı əslində belə idi: "Biz bundan sonra sabitlik, təhlükəsizlik şəraitində yaşayacağıq və davamlı inkişafa nail olacağıq". Dünən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ötən 25 ildə keçdiyi yol haqqında ətraflı danışarkən bu məsələ barədə məlumat verdi, Azərbaycanın qazandığı nailiyyətlər haqqında danışdı. Bu çıxışın əsas mahiyyəti bundan ibarət idi ki, nə qədər çətin bir dünya olsa da, səyləri ortaya qoysaq, uğurlu nəticələr qazana bilərik".

PA rəsmisi qeyd edib ki, bu gün Azərbaycan bir müsəlman dövləti kimi 25 il ərzində stabillik şəraitində, təhlükəsizlik şəraitində davamlı inkişafı təmin etməyi bacarıb: "Amma çox təəssüf ki, bu 25 il ərzində daha yaxşı dünya olduğunu deyə bilmərəm, əksinə, bugünkü dünya daha çox gərgin, daha çox münaqişəli, daha çox problemli bir dünyaya çevrilib. Bunun səbəbləri nə olub? 20-ci əsrin 90-cı illərindən sonra bütün ölkələr dünyada yaranmış yeni vəziyyəti çox böyük entuziazmla qarşıladılar. Hamı düşündü ki, beynəlxalq münasibətlərə, dövlətlərarası münasibətlərə ədalətli yanaşma olacaq. Ancaq mən sizə elə Azərbaycanın nümunəsində bir şey demək istəyirəm. Nədənsə bunu görmək bu gün çox çətindir, bəzən həddindən artıq çətindir. Mən təəssüf edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni heç bu foruma salmaq məsləhət olmayıb. Əgər biz dünyada olan problemlərdən danışırıqsa, onların həllini vacib hesab ediriksə, unutmamalıyıq ki, Varşava Müqaviləsi Təşkilatı dağılandan sonra yaranan ilk münaqişə elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu".

N.Məmmədov əlavə edib ki, buna belə etinasız yanaşma olmasaydı, elə o dövrdən Avropa və Qərb beynəlxalq hüququ, ədalətli yanaşmanı ortaya qoysaydı, bu münaqişə həll olunsaydı, bəlkə bu gün dünyadakı münaqişələrin çoxu olmazdı: "Dünyada bugünkü münaqişələr hansı səbəbdən baş verir? Ona görə ki, biz kiçik bir dövlətik. Yüzdən artıq belə dövlət var ki, dünyanın aparıcı dövlətlərindən ədalətli yanaşma gözləyirlər. Amma çox zaman bunu görmək mümkün olmur. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Onun bir hissəsi Dağlıq Qarabağdır. Və ətrafındakı yeddi rayon da işğal altındadır, bura Ermənistan heç bir iddia ortaya qoymur. Bu ərazilər Azərbaycan əraziləridir. Lakin bu gün dünyanın heç bir yerində heç kim bu məsələdən danışmaq istəmir. Belə olan halda biz ədalətli dünya qura bilərikmi?"

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası kimi bir quruma müxtəlif nazirliklərdən göstəriş gəlir: siz bu addımı atmalısınız: "Bu hansı hüquq ola bilər? Dünyada 10-15 aparıcı dövlət var, bütün proseslər onların fəaliyyətlərinin nəticəsidir. Çox təəssüf olsun ki, bu 25 il ərzində dövlətlər ümumiyyətlə heç beynəlxalq hüquqdan danışmadılar və danışmağı da sevmirlər. Misal üçün, Dağlıq Qarabağ münaqişəsi bizim ən mühüm problemimizdir. Heç kəs onunla bağlı beynəlxalq hüquq sözünü işlətmək istəmir. Hətta elə bir vəziyyətə gəlib çıxıb ki, üç həmsədr 25 ildir heç bir iş görməyə-görməyə bu işin monopoliyasını əllərinə alıblar, hətta böyük qurumlara, təşkilatlara göstəriş verirlər ki, siz buna qarışmayın".

N.Məmmədov vurğulayıb ki, bu gün qarşılaşdığımız məsələlərə onun mahiyyətini aydınlaşdırmadan yanaşsaq, heç bir uğur qazana bilmərik: "Təəssüflər olsun ki, bu gün müəyyən məsələlərə belə yanaşma görürük. Müəyyən mənada hər kəs öz maraqlarını bütün başqa maraqlardan üstün tutarsa, bir şey əldə etmək olmaz. Fikrimcə, bu gün dünyada yaranan bu gərginlik böyük dövlətlərin öz maraqlarını hər şeydən üstün tutması nəticəsində əmələ gəlib".

PA rəsmisi əlavə edib ki, indi artıq televiziya kanalları, mətbuat orqanları güclü geosiyasi aktorlara çevrilib: "Elə televiziya kanalları var ki, dünyaya heç lazım olmayan bir məlumatı sutkada yüz dəfə yayır. Amma haradasa elə böyük hadisə baş verir ki, onun haqqında heç danışmaq da istəmirlər. Dünyada ədalətli yanaşma olmayan zaman insan hüquqlarından, demokratiyadan, başqa universal dəyərlərdən danışmağın mənası yoxdur. Bütün dünyanın bir şeyə ehtiyacı var - hər şey ədalətli olsun. Bu olan zaman, düşünürəm ki, bizim dünyamız uğurlu bir gələcəyə ümid edə bilər".

XƏBƏRİ PAYLAŞ