DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətləri həmişə sıx, səmimi olub (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

Görüşdən əvvəl dövlət katibi Con Kerri və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev dedi:

Çox sağ olun. Cənab katib, əvvəla məni Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etdiyinə görə Prezident Obamaya təşəkkürümü ifadə etmək istəyirəm. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti kimi qəbul edirik. Biz ikitərəli münasibətlərimizə yüksək dəyər veririk.

ABŞ-Azərbaycan münasibətlərinin artıq uzun - 25 illik tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur. Cənab katibin qeyd etdiyi kimi, biz əvvəllər dəfələrlə görüşmüşük, lakin Vaşinqtonda ilk dəfədir görüşürük.

Aramızda inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır. ABŞ şirkətləri iqtisadiyyatımıza 10 milyard dollardan artıq sərmayə yatırmışdır, bu da iqtisadi əməkdaşlığın, həmçinin, ölkəmizin inkişafının yaxşı göstəricisidir. Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə cənab katibin qeyd etdiyi kimi, biz Cənub Qaz Dəhlizi layihəsi üzərində birlikdə işləyirik. Bu, enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi və bu layihəyə cəlb olunmuş bütün tərəflərə, istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı bu layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində Cənub Qaz dəhlizi layihəsi işlək olacaqdır.

Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasında olan münaqişə, post-sovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.

Biz həmçinin, regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin, bizim NATO hərbiçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbiçimiz var. Beləliklə, münasibətlərimizin gündəliyi çox genişdir. Bu gün əlbəttə ki, biz bu məsələləri və regiondakı problemləri müzakirə edəcəyik və mən əminəm ki, bu görüş bizim dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaqdır. Sağ olun.

Qeyd edək ki, görüşdən əvvəl dövlət katibi Con Kerri və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edildi, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirildi, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı.

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisaiyyatın yaxşı vəziyyətdə olduğunu bildirdi. Dövlətimizin başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulandı.

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətləri həmişə sıx, səmimi olub (FOTO) Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətləri həmişə sıx, səmimi olub (FOTO)
XƏBƏRİ PAYLAŞ