DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Döyüş meydanından kənarda da güclüyük - BAXIŞ ÜÇBUCAĞI

Son günlər cəbhə xəttində yaranmış vəziyyət yeni reallıqlar və suallar ortaya çıxardı. Müharibəni qazanmaq üçün Azərbaycan ordusu kifayət qədər hazırlıqlı və güclüdür.

Bu baxımdan ən skeptik insanlar belə Azərbaycan ordusunun həm texniki-təchizat, həm də taktiki-döyüş aparma bacarığına görə Ermənistan ordusundan qat-qat güclü olması ortaya çıxdı. Maliyyə resursları isə ümumiyyətlə heç bir zaman mübahisə predmeti olmamışdır. Lakin məlumdur ki, müasir dövrdə müharibəni udmaq üçün ordunun gücü ilə yanaşı, siyasi və geosiyas vəziyyət, beynəlxalq münasibətlər də çox önəmlidir. 1990-cı illərdə Qarabağ savaşının uduzulması buna bariz nümunədir. Bəs bu gün vəziyyət necədir? Azərbaycan paralel olaraq döyüş meydanlarından kənarda da qələbə qazanmaq iqtidarındadırmı? Bu baxımdan 1990-1994-cü illərdə buraxılan səhvləri nəzərdən keçirmək çox vacibdir. 1990-cı ildə Ermənistanın Dağlıq Qarabağda təcavüzü başlayanda Azərbaycan tamamilə hazırlıqsız vəziyyətdə idi. Söhbət heç də silah-sursat və ordu quruculuğundan getmir. Hərçənd o vaxtki, komunist partiyası rəhbərlərinin müstəqil ordu quruculuğuna hər vəchlə maneəsi bu məsələdə ölkəmizi xeyli geriyə saldı. Lakin Qarabağ savaşı başlayanda ən böyük məğlubiyyət siyasi arenada baş vermişdi.

Ermənilərin 100 illik təbliğatı fonunda Azərbaycanın beynəlxalq təbliğat kampaniyası ümumiyyətlə yox idi və dünya Azərbaycan və azərbaycanlılar haqda çox primitiv təsəvvürə malik idi. Ona görə də ermənilərin azərbaycanlılar və Qarabağda gedən müharibə haqqında ən bayağı yalanına da dünya ictimaiyyəti qulaq asırdı. Qərbi Avropada, ABŞ-da, Yaxın Şərqdə güclü erməni lobbisi Ermənistan adından təmsilçilik etdiyi halda Azərbaycanın nə səfrilikləri vardı, nə də nümayəndəlikləri. Lakin bu gün Azərbaycanın səfirlikləri, müxtəlif təşkilatları, şirkətləri və lobbiçiləri kifayət qədərdir və erməni təbliğatının birtərəfli olacağı mümkün deyil.

1990-cı illərdə hətta qardaş Türkiyə belə Azərbaycan haqqında uzun müddət yanlış təsəvvürlərə malik idi. Bu gün ortaya çıxan məlumatlardan bəlli olur ki, müxtəlif dairələr Turqut Özal hökumətini Azərbaycanda şiə dövlətinin qurulması haqqında yalan məlumatlarla aldadaraq Türkiyə-Azərbaycan münasibətlərinin güclənməsini ləngitmişlər. Hətta sonralar Xalq Cəbhəsi hakimiyyəti də özünün ultramillətçi siyasəti ilə Türkiyənin hakimiyyət dairələrinin, xüsusən də Suleyman Dəmirəl iqtidarının dəstəyini tərəddüdə soxmuşlar. Nəticədə Türkiyənin Dağlıq Qarabağ savaşında Azərbaycana dəstəyi potensialdan qat-qat aşağı olmuşdur. Yalnız Heydər Əliyevin dövründən başlayaraq strateji müttəfiqlik erası başlansa da Qarabağda müharibə başa dayandırılmışdı.

Bu gün artıq Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır və şübhəsiz strateji müttəfiq kimi dəstəyini əsirgəməyəcək ki, bu da müharibə zamanı vacib faktordur. Ərəb dünyası da 1990-cı illərdə Azərbaycanda şiə dövlətinin qurulacağı kimi yanlış təsəvvürə malik olmuş və Azərbaycana faktiki olaraq dəstək verməmişdir. Lakin bu gün Azərbaycanın İslam Konfransı Təşkilatındakı uğurlu fəaliyyəti danılmazdır. Bu təşkilat Ermənistanı işğalçı kimi tanımaqla yanaşı bütün beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini dəstəkləmişdir.

Nəhayət, müharibədə ən vacib faktor olan Rusiya! Dünyada gedən müasir proseslər Rusiyanın mövqeyini kifayət qədər zəiflədib və Ermənistanı bu ölkənin strateji müttəfiqi kimi Qərbdə heç də güclü etmir. Daha dərin mətləblərə getmədən demək olar ki, bu baxımdan vəziyyət çox əlverişli görünür. Son günlərin hadisələri göstərdi ki, Ermənistanın yalançı harayı 1990-cı illərdəki kimi qulaqbatırıcı və inandırıcı deyil. O dövrlə müqayisəyə gəlməyən daxili sabitlik, vahid komandanlıq və qlobal siyasi düşüncənin mövcudluğunu nəzərə alsaq Azərbaycanın müharibədə şanslı olduğunu görərik. 1990-cı illərdə xarici siyasət bir yana, heç daxildə də Ermənistanın təcavüzünə qarşı mübarizə yolları haqda mübahisə aparan saysız-hesabsız qruplaşmalar vardı. Bir dəstə Moskvaya inanır, o biri dəstə Xankəndi dura-dura Uyğurustana bayraq sancmaqdan danışaraq Çini belə özündən uzaqlaşdırır, digərlərinin məqsədi ümumiyyətlə bəlli deyildi və s. Bu gün Ermənistanla müharibədə zərrə qədər də mövqe fərqi yoxdur və bu ən önəmli amillərdən biridir.

Atəş Sultanov - xüsusi olaraq Dailykarabakh saytı üçün

XƏBƏRİ PAYLAŞ