DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

MƏTBUAT, HƏRB VƏ SIRR - Azərbaycanda vəziyyət necədir?

Qarabağ cəbhəsində "dörd günlük müharibə" bir daha mətbuat və müharibə şəraiti mövzusunda yazıları aktuallaşdırdı. Müşahidələr onu göstərdi ki, əvvəlki illərlə müqayisədə bu dəfə həm Müdafiə Nazirliyi, həm də cəmiyyət nisbətən peşəkar, çevik və diqqətli hərəkət etdi.

Nazirlik nəyin dərc olunmaması ilə bağlı ümumi xəbərdarlıq yaydı, sosial şəbəkə istifadəçiləri öz təşəbbüsləri ilə həm bu xəbərdarlığı paylaşdı, həm də əlavə təşəbbüslər göstərdilər. Ordu, döyüş zonası, əməliyyatlar, hərəkət marşrutları barədə məlumatlar az sayda gözə dəydi. Bununla belə, mətbuatda və sosial şəbəkərlərdə qeyri-rəsmi, qohum və yaxınlarla bağlı müəyyən elanlara rast gəldim ki, bu da düşmən tərəfin müəyyən məlumat və ya təsəvvürləri əldə etmsinə yardımçı ola bilərdi.

Məsələn, bir sosial şəbəkə istifadəçisi qohumunun səfərbər olunduğunu və hansısa istiqamətdə hərəkət etdiklərini yazmışdı. Hərbi analitiklərə bu elanın üzərində üçcə dəqiqə işləmək kifayət idi ki, Azərbaycan ordusunun hansı istiqamətdə cəmlənməsi barədə siqnalı mərkəzə ötürsünlər. Yaxud da keçən il Ağstafada tank kalonunun şəklini, hərəkət istiqamətini elan etmişdilər sosial şəbəkərlərdə. Əlbəttə mətbuat, söz azadlığı ilə hərbi-dövlət sirri arasında sərhəd çox incədir və bunu müəyyən etmək asan deyil. Buna görə də mən bu mövzu ilə bağlı bir sıra tarixi faktları yada salmaq istəyirəm ki, oxucular özləri düşünsün və müəyyən qənaətə gəlsinlər. Təbii ki, məlum səbəblərdən ən yeni tarixdə bu kimi faktlar haqqında danışmaq mümkün deyil, lakin məxfilik qrifinin açıldığı dövrlərdən kifayət qədər belə misallar var.

İkicni Dünya Müharibəsi ərəfəsində Londona mühacirət edən jurnalist Bertold Yakob alman ordusu barədə kitab dərc edir və Vermaxtın strukturu, iş prinsipi, yüksək hərbi dairələrinin xarakteristikası, Baş Qərargahın aparıcı əməkdaşları və 168 general haqqında ətraflı məlumatlar yazır. Hitlerin göstərişi ilə alman kəşfiyyatı Bertoldu oğurlayaraq Berlinə gətirir və istintaq zamanı məlum olur ki, o, bütün məlumatları qəzet səhifələrindən toplayıb. Fransa-Prussiya müharibəsi zamanı almanlar Mak-Qonun əsgərlərinin Reymsdə olduğunu qəzet vasitəsi ilə öyrənir və vaxtında onların qarşısını ala bilir.

Rus-Yapon müharibəsi zamanı "Mancuriya ordusunun xəbərləri" adlı qəzetdə hansısa qoşun hissələrinin Uzaq Şərqə gəlməsi, hərbçi qulluqçuların öz yaxınları və qohumlarını axtarması barədə elanlar və s. məlumatlar dərc olunurdu. Sonralar məlum olub ki, qəzet məqalələrinin analitikası ilə yapon kəşfiyyatı rus ordusunun dislokasiyası haqqında xəritə cızırmış. Soyuq müharibə illərində həm NATO ölkələri, həm də SSRİ-nin DTK və Baş Kəşfiyyat İdarəsi (BKİ) aktiv şəkildə qəzet materialları əsasında „tam məxfi“ qrifi ilə hesabatlar hazırlayıblar. Məsələn, həm DTK və BKİ, həm də MKİ qəzet materialları əsasında „verbovkaya“ yararlı zabitlər və şəxslər haqqında məlumatlar əldə edirdilər.

1861-1865-ci illərdə ABŞ-da vətəndaş müharibəsi zamanı hətta azadlığı təbliğ edən tərəf də müəyyən qəzetləri bağlamaq məcburiyyətində qalırdı. Çünki, tərəflər ordu bölmələrinin hərəkət trayektoriyalarını qəzet səhifələrindən öyrənə bilirdilər. O zaman „New-York Journal of Commerce“, „New-York World“ və “Chicago Times”la belə insidentlər yaşanmışdı. Əlbəttə, texnoloji sıçrayış dövründə hərbi sirrin, Silahlı Qüvvələr haqqında məlumata total nəzarətin qorunması daha mürəkkəb forma alıb və fundamental azadlıqların mövcud olma hüququ bu məsələni daha da mürəkkəbləşdirir. Bir insanın qohumu haqqında məlumat yazmasının hərbi sirr olması təbii ki, mübahisə predmetidir.

Bununla yanaşı hərbi-dövlət sirri haqqında hüquqi baza təkamülə məruz qalan predmetdir. Bir çox ölkələrdə bu qanunlar toplusu dəfələrlə dəyişmişdir. Bu baxımdan müharibə şəraitində yaşayan bir ölkə üçün vətəndaşları ilə qanunvericiliyə söykənərək iş aparmaq əlavə suallar yaradacaq. Zənnimcə, vətəndaşların ayıq-sayıq olması üçün Müdafiə Nazirliyinin müvafiq təbliğat mexanizmi qurması, mətbuat orqanları ilə müzakirələr, seminarlar və ya başqa maarifləndirici və təlimatlandırıcı tədbirlərin daha çox həyata keçirməsi daha məqsədəuyğun olardı. Cəbhə xəttində mövqelərimiz hər gün təxribata məruz qalır və müharibə ehtimalının yüksək olduğu bir vaxtda post-faktum işləmək yox, perventiv-reaksiya göstərmək daha düzgün qərar olardı.

Atəş Sultanov - xüsusi olaraq Dailykarabakh üçün

XƏBƏRİ PAYLAŞ