DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənilər hücuma hazırlaşır

Dağlıq Qarabağda atəşkəs barədə razılaşma əldə olunsa da, atışmalar və döyüşlər davam edir. Xüsusilə ağır vəziyyət şərq və şimal-şərq istiqamətlərdədir. Mövqe savaşları gedir. Dağıntılar, tələfat, qurbanlar var.

Ermənistan Könüllülər İttifaqı ("Yerkrapa") belə bəyanatla çıxış edib. Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalında iştirak etmiş erməni "veteran"ları birləşdirən, habelə ölkədə silahlı qüvvələrdə xidmət öncəsi hazırlıq kurslarına, o cümlədən sürücülük kurslarına da "nəzarət" edən təşkilatın açıqlaması təsadüf deyil.

Ermənistan ordusu və qarabağlı erməni separatçıları Dağlıq Qarabağda yeni hücuma hazırlaşırlar. Hücum mayın 8-i, Şuşanın işğalı günündə ermənilərə "hədiyyə" etmək məqsədi güdür. "Yerkrapa"nın rəhbəri, general-mayor Manvel Qriqoryanın sözlərinə görə, "bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər".

Erməni genaral "hədiyyə"dən bəhs edərkən Dağlıq Qarabağda aprelin 1-də başlanan və aprelin 5-də bitən "dördgünlük mühharibə"nin nəticəsində Ermənistan ordusunun ciddi itkilər verərək mövqelərindən geri çəkilməsinin ermənilər arasında yaratdığı ruh düşkünlüyü ilə yanaşı, qəzəb hisslərinin aradan qaldırılmasının zəruriliyinə işarə vurduğunu gizlətməyib.

Mayın 8-i ermənilər üçün Şuşanın işğalı ilə yanaşı, həm də "Yerkrapa", yəni könüllülər günüdür və bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların aktivləşməsi ehtimalı həddən artıq böyükdür.

Ermənistan ordusu itirdikləri mövqeləri geri almaq üçün hücuma keçməyə hazırlaşır və bunu gizlətmir. Rəsmi Yerevan da revanşizm hisslərini körükləyir, kütlə arasında "intiqam" yanğısını gücləndirməklə məşğuldur.

Ermənistan hərbi əməliyyüatlarla yanaşı, diplomatiya "savaşı"nda da aktivləşmək fikrindədir. Rəsmi Yerevan 1994-cü ildə imzalanmış atəşkəs anlaşmasından faktiki olaraq çıxdığını bəyan edib və geri qayıdışı üçün 3 şərti səsləndirib.

Ermənistan prezidenti Serj Sarkisyanın dediyinə görə, həmin şərtlər hərbi əməliyyatlar və atışmalarla bağlı insidentlərin araşdırılması, ünvanlı bəyanatlar və Azərbaycan ordusunun Dağlıq Qarabağda yeni hərbi əməliyyatlara başlamayacağı təminatıdır. Bununla yanaşı, rəsmi İrəvan 1994-cü ilin atəşkəs anlaşmasının şərtlərinə, yəni həmin razılaşma ilə müəyyənləşdirilmiş sərhədlərə qayıtmağı tələb edir.

Yəni Ermənistan, "dördgünlük müharibə"də itirdiyi mövqelərin ona qaytarılmasını istəyir.

Ermənistan rəhbərliyi məğlubiyyətini və döyüşlərdə uğursuzluğa düçar olmasını pərdələmək, kütləni sakitləşdirmək, cəmiyyətdəki narazılıq həddini aşağı salmaq üçün "o mövqelər, Azərbaycanın irəlilədiyi metrlər o qədər də əhəmiyyət kəsb etmir" ifadələrini sürəkli təkrarlayır.

Sarkisyan rejiminin təbliğat maşını belə iddiaların sayını artırsa da, ermənilər dərk edirlər ki, həmin "metrlər"ə yenidən nail olmaq üçün yeni qurbanlar verməyə dəyməz. Üstəlik, Dağlıq Qarabağ münaqişəsi zonasında hər gün erməni hərbçilər həlak olur, yaralanırlar.
Rəsmi İrəvan ritorikasını dəyişsə də, məruz qaldığı uğursuzluqların sıralanmasını təsadüflər seriyası və ya müvəqqəti geriləmələr dövrü kimi qələmə verə bilmir artıq.

Bu səbəbdən də çox çətin durumda olan Sarkisyan rejimi Dağlıq Qarabağda yeni hücum əməliyyatına hazırlaşmaqdadır.
İrəvandakı "Lragir" qəzetinin baş redaktoru Haykazn Qaqriyan "Vaxt tükənir: irəliləyiş yaxındadır" başlıqlı məqaləsində yazır: "Belə təəssürat yaranır ki, tərəflərə, sanki, vaxt verilmişdi və indi o vaxt tükənir.

Yeni nizamlanma prosesi sıfırdan başlanacaq, çünki "dördgünlük müharibə" və tərəflərin bəyanatları faktiki olaraq əvvəlki bütün təkliflərlə anlaşmaları heç etdilər. Hər halda Serj Sarkisyan indiyədək aparılmış danışıqların sirr kimi saxlanılan təfərrüatlarını açmaqla niyyətini ortaya qoyub. Ermənistan əvvəlki tələblərindən geri çəkilsə də, sonradan danışıqlara qayıtması üçün üç şərti səsləndirdi. Ermənistan indi suveren hərbi və siyasi addımlar ata bilər. Sonra belə addımlar üçün şans olmayacaq.

Yeni cəbhə xəttini, sonradan uzunmüddətli prosesin əsasını təşkil edəcək yeni reallıqları formalaşdırmaq üçün imkanlar var. Bu, erməni irəliləyişi ola bilər. Vaxt tükənir. Hücum zamanıdır. Üstəlik, mövqelərdən geri çəkilməklə bağlı qərarın necə, hansı vəziyyətdə qəbul olunduğu araşdırılmalıdır".

Ermənistan ordusunun Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə son günlərdə müşahidə olunan aktivliyi də hücum ehtimalının birmənalı təkzib etməyən ünsürlərdən sayıla bilər.

Orxan Hun
Milli.Az

XƏBƏRİ PAYLAŞ