DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ekspertlər Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıblar

BMT İnsan Hüquqları Şurasının müstəqil ekspertləri Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin işğal edildiyi faktını qeyd ediblər və BMT Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasının münaqişə üzrə qətnamələrini yerinə yetirməyə çağırıblar.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi nümayəndəliyindən verilən məlumata görə, 16-17 iyun 2015-ci il tarixlərində Cenevrə şəhərində, müvafiq olaraq, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani Azərbaycan səfərlərinin yekunlarına dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər.

İşçi Qrupunun hesabatının təqdimatı zamanı Qrupun sədri və məruzəçisi Mixael K.Addo səfər dəvətinə və səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü ifadə edib. İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bununla yanaşı, İşçi Qrupu ölkəmizdə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd ediblər.

BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Ç.Bəyani hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, xüsusilə də onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Xüsusi məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd edib və bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb.

Xüsusi məruzəçi, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını bildirib və bu istiqamətdə Azərbaycan hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Ç.Bəyani 18-24 may 2014, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə 18-27 avqust 2014-cü il tarixlərində Azərbaycana səfər ediblər.

BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi və BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu BMT İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları mexanizminin tərkib hissəsini təşkil edir. Müstəqil ekspertlərdən ibarət olan Xüsusi Prosedurlar institutu BMT İnsan Hüquqları Şurasının müstəqil fakt araşdırıcı və monitorinq mexanizmi hesab olunur.

XƏBƏRİ PAYLAŞ