DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan BQXK-ni Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində səylərini artırmağa çağırıb

Cenevrə şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasında görüş keçirilib.

XİN-in mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasındakı mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı X.Xələfov 2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın Azərbaycan silahlı qüvvələri ilə təmas xətti boyunca yerləşən ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini hədəf alaraq ağır silahlardan davamlı atəşə tutduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin ağır artilleriya hücumları nəticəsində hərbi və mülki şəxslərin həlak olduğu və yaralandığı, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.

Eyni zamanda qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin 10 aprel 2016-cı il tarixində tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyi qeyd olunub.

Nazir müavini, həmçinin 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində BQXK-nın səylərinin artırılmasının zəruri olduğunu bildirib.

BQXK-nın prezidenti P.Maurer isə öz növbəsində, Azərbaycanla BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, təmsil etdiyi təşkilatın Ş.Quliyev və D.Əsgərovun vəziyyəti ilə mütəmadi olaraq maraqlandığını və bu istiqamətdə BQXK-nın mandatına uyğun olaraq öz humanitar fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

P.Maurer, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz siyasi həllini tapacağına ümid etdiyini vurğulayıb.

XƏBƏRİ PAYLAŞ