DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

XİN-dən xəbərdarlıq: Dağlıq Qarabağa səfər edənlər barəsində cinayət işi açılacaq

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərində yaradılmış qondarma rejimin keçirdiyi qanunsuz “parlament seçkiləri” Azərbaycanın Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bunu mətbuata XİN-nin mətbuat xidmətindən Azərbaycanın işğal olunan ərazilərində keçirilən qanunsuz “parlament seçkiləri” və bu seçkilərdə “müşahidəçi” kimi iştirak edən şəxslər barəsində məsələləri şərh edərkən deyiblər.

Bu qanunsuz seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən fevralın 27-də bəyanat verilib: "Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycanın Konstitusiyası və qanunları təşkil edir:

"ATƏT Minsk Qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün etdiyi çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən “seçki” adı altında atılan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır.

Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni “seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən aprelin 30-da verilən bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır.

İşğal olunan Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu “seçkilərdə” öz-özünü “müşahidəçi” adlandıran bəzi marqinal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcək. Özü-özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilən qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir.

Slovakiya vətəndaşı Frantişek Mikloşkonun halında olduğu kimi, işğal olunan ərazilərə qanunsuz səfər edən və Azərbaycanın qanunlarını kobud şəkildə pozan bu kimi özü-özünü “müşahidəçi” elan edən şəxslərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyildir.

Slovakiya vətəndaşı F.Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış verilib".

XƏBƏRİ PAYLAŞ