DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Metsamor AES nüvə silahından da təhlükəlidir

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqəsinə, konkret desək, Tərtər rayonunun cəbhəyanı Əskipara kəndinə kimyəvi tərkibli top mərmisi atmaqla 1949-cu il müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyasını və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, "Adi silahların konkret növləri haqqında Konvensiya"nın III (1980), eləcə də kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair 30 noyabr 1992-ci il tarixli BMT Konvensiyasının müddəalarını kobud şəkildə pozdu.

Beynəlxalq hüquqa heç bir əhəmiyyət verməyən, beynəlxalq qərar və qətnamələri pozmaq baxımından bəlkə də rekorda imza atan Ermənistanın yuxarıda sadalanan konvensiyaları da pozması əslində qeyri-adi bir şey deyil. Lakin heç bir işə yaramayan və ya müəyyən dairələrə sərf edəndə arxivdən tapılaraq üstünün tozu silinib "işə salınan" bu beynəlxalq sənədlərin pozulmasından daha çox narahat edən, daha qorxulu bir məqam var - Metsamor Atom Elektrik Stansiyası!

Metsamor AES əslində nüvə silahından heç də az təhlükəli deyil. Belə ki, AES-in köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edildiyi gün kimi aydındır. Bu isə o deməkdir ki, reaktorlarda qəzanın baş verməsi ehtimalı çox böyükdür. Lakin Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərinə əhəmiyyət verməyərək, stansiyanın istifadə müddətini 2026-cı ilədək uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında qalacağını göstərir.

Tarixə nəzər salaq: Birinci enerji bloku 1976, ikincisi isə 1980-ci ildə istifadəyə verilmiş Metsamor AES-in 1983-cü ildə 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırıldı. 1988-ci ildə isə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti donduruldu. Yəni sovet hökuməti təhlükənin miqyasını anladı. Bu da faktdır ki, 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülmüşdü.

Lakin Ermənistan üzləşdiyi ciddi böhranlar səbəbindən 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul etdi və 1995-ci ildə 2-ci enerji bloku işə salındı.

Sovet dövründən "yadigar" qalan Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq etdi.

Ekspertlər də, bir sıra beynəlxalq təşkilatlar da AES-də təhlükəsizlik tədbirlərinin çox aşağı səviyyədə olduğunu hesab edirlər.

Yerevandan 40 km məsafədəki Metsamor şəhərində eyniadlı AES-in Azərbaycan və Gürcüstan sərhədlərindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 km aralıda yerləşdiyini nəzərə alsaq, qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün necə böyük təhlükə yaradacağı məlum olur.

Bundan başqa, Metsamor AES-in nüvə tullantılarının Azərbaycanın işğal altında olan ərazilərində basdırılmasına heç kim şübhə ilə yanaşa bilməz. Bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması ehtimalı da istisna deyil...

Ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair onlarla fakt mövcuddur ki, bu da Metsamor AES-in Ermənistanda yerləşməsinin nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırdığını göstərir. Həmçinin AES-in mövcudluğu həmin cinayətkar qrupların işğal altındakı Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır.

Hazırda ikinci enerji blokunun fəaliyyətdə olduğu bu AES regionda Rusiya istehsallı birinci nəsil ВВЭР-440 tipli reaktorla təchiz edilib. Lakin hələ də AES-in təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Ermənistanın atom bombasına sahib olduğu inandırıcı görünməsə də, fakt budur ki, artıq mülki əhaliyə qarşı kimyəvi silah tətbiq etmiş bir ölkənin gələcəkdə sahiblənə biləcəyi nüvə silahından istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz...

Bəxtiyar Hacıyev - Trend:

XƏBƏRİ PAYLAŞ