DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Herbert Salber: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

dailykarabakh xəbər verir ki, görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan ilə Avropa İttifaqı arasında hər zaman yaxşı əlaqələrin olduğunu bildirərək deyib: “Avropa İttifaqının hər hansı qurumunun Azərbaycana qarşı ədalətsiz münasibəti bizim əlaqələrə təsir edə bilməz. Avropa İttifaqı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, qondarma “Dağlıq Qarabağ” respublikasında keçirilən “seçkiləri” qeyri-qanuni hesab edib”.

Sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədən danışan Baş nazirin müavini bildirib: “O qətnaməyə səs verən Avropa Parlamenti deputatlarının əslində elə bir səlahiyyətləri yoxdur. Həmin qətnaməyə səs verən deputatlar erməni diasporunun vəsaiti hesabına alınmış insanlardır. Bu deputatlar öz ölkələrində çox aqressiv insanlar olduqları üçün məhz həmin dövlətlər tərəfindən Avropa Parlamentinə göndərilirlər. Yəni, demək olar ki, bu xalqlar həmin insanlardan canlarını qurtarmaq üçün onları ölkədən sürgün edirlər”.

Əli Həsənov bildirib ki, Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələr hələ də icra edilməyib. Əgər bu qətnamələr icra olunmursa onda onların əhəmiyyəti nədir?

Baş nazirin müavini vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb, onların məşğulluq problemi həll edilib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub.

Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasındakı çıxışına toxunan Əli Həsənov deyib: “Təsəvvür edə bilmirəm ki, BMT-nin Baş Assambleyası kimi nüfuzlu qurumun tribunasından bir ölkənin prezidentinin başqa bir dövlətin ünvanına bu cür təhqiramiz ifadələr işlətməsinə necə icazə verilə bilər? Düşünürəm ki, Serj Sarkisyan psixi xəstədir və buna görə belə qeyri-etik ifadələr işlədib. Bəs BMT Baş Assambleyası nə üçün ona bu imkanı yaradır? Bax, bütün özbaşınalıqlar belə yaranır. Serj Sarkisyan bütün diplomatik etik normalarını, protokol qaydalarını pozub. Buna görə, onun bu sərsəm çıxışı dayandırılmalı idi. Hesab edirəm ki, Serj Sarkisyanın yeri artıq psixi dispanserdir. Bu sözləri deyən Serj Sarkisyan terrorçudur. O, Robert Koçaryan ilə birgə Dağlıq Qarabağ münaqişəsi zamanı orada törədilən terror aktlarını, genosidi birbaşa təşkil edən şəxslərdir. Ermənistan prezidenti bu günlərdə Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”ya verdiyi müsahibədə deyib ki, onun ölkəsi Azərbaycan üçün cəzaverici qılınca çevrilə bilər. Bu sözləri deyən bir şəxs əgər vaxtilə Qarabağda bir nömrəli terrorçu idisə, bu gün dünyanın bir nömrəli terrorçusudur. Bizdə olan məlumata görə, Serj Sarkisyanın ailə üzvlərindən biri – qızının əri narkotik maddələrin satışı ilə məşğuldur”.

Ətraflı məlumata görə minnətdarlığını bildirən Herbert Salber Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O deyib ki, münaqişə ilə bağlı mövcud status-kvo qəbuledilməzdir və problem tezliklə həllini tapmalıdır.

Herbert Salber Azərbaycanın Avropa İttifaqı üçün hər zaman önəmli tərəfdaş olduğunu söyləyib. O, gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müzakirələrin aparılmasının da vacibliyini qeyd edib.

XƏBƏRİ PAYLAŞ