DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT Dağlıq Qarabağ münaqişəsini yalan üzərində tənzimləmək istəyir

Mətanət Əliyeva - xüsusi olaraq dailykarabakh saytı üçün

Sentyabrın son günlərində cəbhə xəttində vəziyyətin gərginləşməsi Azərbaycanın məruz qaldığı işğal probleminin həllinin aktuallığını bir daha təkrarən gündəmə gətirdi. Bir-birinin ardınca cəbhə xətti boyunca yaşanan şiddətli döyüşlər ermənilərin torpaqlarımıza etdiyi təcavüz siyasətinin fəsadlarının ciddiliyini yenidən qabartmış oldu.

İtkilər göz önündədir. Milli Ordumuz döyüşlərdə 4 şəhid verdi. Bir mülki vətəndaş həyatını itirdi. Qarşı tərəfin də itkiləri olub. 1994-cü ildə atəşkəsin elan olunduğu zamandan bu günədək davam edən, bitmək-tükənmək bilməyən ermənilərin silahlı təhdidləri günahsız insanların qanını tökməkdədir. Bütün dünyanın gözü qarşısında atəşkəs rejimini pozmaqda davam edən Ermənistan beynəlxalq normalara, hüquqa sığmayan mövqeyi ilə işğalçılıq siyasəti yürütdüyünü bir daha özü təsdiq edir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Azərbaycanı və Ermənistanı atəşkəs rejiminin pozulmasının araşdırılması üçün mexanizmi qəbul etməyə çağırıb.

Hər zaman torpaqlarında sülhün, əmin-amanlığın olmasını istyəyən Azərbaycan təbii ki, bu çağırışa və onun tətbiqinə razıdır. Amma cəbhə xətti boyunca hər gün atəşkəs rejimini pozan Ermənistan isə çətin ki, belə bir mexanizmin formalaşdırılmasına razı olsun. Çünki müxanizmin tətbiqi və gələcəkdə işləməsi məzlum obrazı altında yatan hiyləgər erməni diplomatiyasının, bü günki Ermənistan siyasi rejiminin əsl mahiyyətinin faşı ilə nəticələnər.

Bu gün mövcud olan bu münaqişədə Azərbaycan dövlətinin yaşadığı ən ciddi və kəskin problem odur ki, tərəf olaraq danışıqlara cəlb edilən dövlət kimi yanaşmada eyni standart götürülür. Yəni, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmur. Məsələnin ilk baxışda sadə görünən və hər kəsə kifayət qədər aydın olan bu həqiqət nə vasitəçilər olaraq tənzimləmə prosesinə cəlb olunan ATƏT, nə də super güclər tərəfindən qəbul olunmur.

Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh və ya müharibə yoluyla həll olunması nəhayətində ədalətin bərpa olunması demək olacaq. Amma bunun üçün tənzimlənmə prosesində vasitəçi missiyasını daşıyan bir beynəlxalq təşkilat kimi ATƏT-in işğal faktını əksikliyi olmadan tam şəkildə tanıması və ona gerçək qiymət verməsi lazımdır. Bu baş verərsə, o zaman təcavüz faktına son qoyulması üçün torpaqların qeyd-şərtsiz boşaldılması tələbinin irəli sürülməsi müxaniki gündəmə gələcək.

Amma təəssüf ki, ATƏT uzun illərdir konkret mövqe, qətilik nümayiş etdirə bilmir. Və ya bu niyyətdən uzaqdır. İkinci yanaşma bu günün mənzərəsinə ən azından daha uyğun görünür. Qurumun fəaliyyətində nümayiş etdirdiyi hazırki mövqeyi münaqişənin danışıqlar yoluyla sülhlə həlli ilə bağlı uğurlu nəticəni vəd etmir. Belə halda mövcud vəziyyət ATƏT-in fəaliyyət mexanizminin dəyişdirilməsini zəruri edir. Ki, bu gündəmin hazırda baş movzularından biri kimi Azərbaycan dövlətini çox ciddi narahat edir və danışıqlar prosesində masa üzərinə gəlir.

Təbii ki, torpaqlarını sülh yolu ilə geri qaytarmağa hələ nail ola bilməyən Azərbaycan dövlətini danışıqlar prosesində bir tərəf olaraq ATƏT-in bu günki yarıtmaz vasitəçilik missiyası heç qane edə bilməz. Fəaliyyətini yalanlar üzərində quran bir işğalçı dövləti həqiqətləri qəbul etməyə məcbur edə bilməyən, Azərbaycanın əzəli torpaqlarında törətmiş olduqları qanunsuzluqları ermənilərə etiraf etdirə bilməyən vasitəçilər ən sadə və bəsit dillə desək, elə bu yalanlara ortaq olmuş olurlar.

ATƏT ya fəaliyyətinin mexanizmində dəyişiklik etməli, ya fəaliyyətində ciddi dönüş etməli, ya da sonunda ədalətin bərpası üçün bölgədə başlanan müharibə ilə üz-üzə qalmalı olacaq. Bunu təşkilat rəhbərliyində də yaxşı anlayır, başa düşürlər. ATƏT-in gerçək adı fəaliyyətsizlik olan fəaliyyəti isə əslində, vasitəçilik deyil, danışıqlar prosesini acı bağırsaq kimi uzatmağa xidmət edən saxta bir diplomatiyadır.

Azərbaycana qarşı haqsızlığın içində olan ATƏT bu münaqişənin həll olunmaması ucbatından atəşkəs rejimi dövründə günahsız ölən bütün insanların həyatlarını vaxtsız itirmələrində birbaşa məsuliyyət daşıyır. Proseslərin bu cür axarı isə danışıqlar prosesində təşkilatdan imtinaya da gətirib çıxara bilər. Vəziyyətin bu şəkil alacağı isə özüylə bərabər fəaliyyətsizliyin regionda ağır fəsadların reallaşmasına səbəb ola bilmə ehtimalını çox yüksək tutur. ATƏT həqiqətlərdən qaçmamalı və fəaliyyətində açıq olmaqla paralel nəhayət ki, bölgədə ədalətin bərpa olunmasına səy göstərməlidir.

XƏBƏRİ PAYLAŞ