DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistan iqtidarının "qayınana taktikası"

Ölkə əhalisinin sosial problemlərini həll etmək, iqtisadi-siyasi islahatlar həyata keçirmək əvəzinə, bunları qabardaraq iqtidara qarşı tələblər irəli sürən müxalif fikirli insanları müxtəlif üsullarla zərərsizləşdirməyə öyrəşmiş Ermənistanın hakim dairələri yenə də öz amplualarında qalmağa davam edirlər.

Bu dəfə iki həftə öncə Azərbaycana qaçaraq siyasi sığınacaq istəmiş Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın qayınanası işdən çıxarılıb.

Belə ki, erməni mətbuatının yazdığına görə, V.Martirosyanın “düşmən” Azərbaycana sığınmasından dərhal sonra Ermənistan Müdaifə Nazirliyinin Mərkəzi klinik hərbi hospitalında işləyən qayınanası Anait Qasparyan dərhal işdən qovulub.

Qeyd edək ki, V.Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar sentyabrın 17-də Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəyib.

O, rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistanın dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qaldığını bildirib.

V.Martirosyanın bundan sonra Azərbaycanda nə qədər qalacağı və ya ümumiyyətlə qalıb-qalmayacağı hələ tam bəlli deyil. Amma o, artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri ilə görüşərək onlara Ermənistanda təzyiqlərə məruz qaldığına görə qaçdığını, eyni zamanda orada qalmış qohumlarının taleyinə görə narahat olduğunu bildirib. Bundan əlavə, BMT-nin müvafiq qurumlarına da müracət ünvanlanıb.

Ermənistanın hüquq-mühafizə orqanları isə V.Martirosyanın Azərbaycana qaçma səbəblərini araşdırmaq əvəzinə, onun qohumlarını cəzalandırmaq yolunu tutdu və Sarkisyan rejimi tərəfindən V.Martirosyanın 2005-ci ildən psixiatrik xəstəxanada qeydiyyatda olduğu, hətta onun oğurluğa görə beynəlxalq axtarışa verildiyi haqqında açıqlamalar səsləndi. Bu azmış kimi, müxalif fikirli qaçağın qohum-əqrəbasına qarşı linçetmə hərəkatı başladıldı.

Bununla da Ermənistan rəhbərliyi sübut etdi ki, onlar fərqli fikirliliyi qəbul edə bilmir və belələrinin dərhal cəzalandırıldığını aşkar şəkildə nümayiş etdirdi. Ermənistandakı hərbi-siyasi rejim həmin insanların nəinki özlərini, hətta qohum-əqrəbalarını da ciddi şəkildə cəzalandırdıqlarını və bunu digərlərinə ibrət dərsi olması üçün etdiklərini gizlətmirlər.

Amma nədənsə Azərbaycanı az qala havanın temperaturuna müdaxilə etməkdə ittiham edən beynəlxalq təşkilatların heç biri hələ ki, bununla bağlı Ermənistana “gözün üstə qaşın var” deməyib. Nədənsə Avropa parlamentariləri, yüksəkvəzifəli məmurları, hüquq müdafiəçiləri susmağa üstünlük verirlər. Əmin edirəm ki, belə bir hal Azərbaycanda baş versəydi, indi BMT-dən, Obamanın katibələrindən tutmuş, Avropanın pulla işləyən deputat və “qht-çi”lərinədək hamısı ölkəmizə qarşı az qala alov püskürəcək, bəyanatlar, qətnamələr qəbul edəcək, “Asılsın!”, “Kəsilsin!” şüarları səsləndirəcəkdilər.

Halbuki ötən ilin yanvarında Azərbaycan vətəndaşı Cavid Orucov da ailəsi ilə birlikdə Norveçdə yaşamaq hüququ əldə etmək üçün Ermənistandan siyasi sığınacaq istəmişdi. Lakin həmin antiazərbaycançı və ermənisevərlərin diqqətinə çatdırmaq istəyirik ki, nə həmin vaxt, nə də ondan sonra C.Orucovun buradakı qohumlarına qarşı heç bir diskriminasiya aktları həyata keçirilmədi.

Amma Ermənistan iqtidarı rejimin havadarlarına arxayın olaraq, müxalif fikirlərə qarşı “qayınana taktikası”ndan istifadə edir. Bu isə onu deməyə əsas verir ki, Sarkisyan rejimi öz "dərin məzmunlu strategiyası" ilə hələ çox müxaliflərə qarşı genişmiqyaslı, ailə yönümlü taktiki gedişlərdən istifadə edəcək...

İlkin İzzət (Trend)

XƏBƏRİ PAYLAŞ