DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Vahan Martirosyan: Metsamor stansiyası təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə törədir

Bu gün Bakıda "Stop Metsamor" QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçirilib.

Dailykarabakh-ın məlumatına görə, konfransda Azərbaycan QHT-ləri ilə yanaşı, Türkiyə, İsrail, Ukrayna, İran, Belarusiya, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistandan olan QHT-lər iştirak edib. Ermənistan QHT-si konfransa video körpü vasitəsilə qoşulub.

Konfransda Ermənsianda yerləşən Metsamor atom elektrik stansiyasının region üçün törətdiyi təhlükədən danışılıb. Konfransı giriş sözü ilə açan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, Metsamor bütün region üçün ciddi təhlükə törədir.

O qeyd edib ki, 1976-cı ildə istifadəyə verilən bu stansiyanın istismar müddəti artıq çoxdan bitib və hər an stansiyada baş verə biləcək hadisə region üçün böyük faciəyə gətirə bilər. T.Zeynalov bütün konfrans iştirakçılarını bu faciənin qarşısını almaq, Çernobulda, Yaponiyada baş vermiş atom faciəsinin regionda baş verməsinin qarşısını almaq üçün Metsamor stansiyasının fəaliyyətini dayandırmaq üçün birgə səy göstərməyə çağırıb.

Konfransda çıxış edən Azərbaycan Radiasiya Problemləri İnstitutunun professoru Rauf Sərdarlı bildirib ki, istismar müddətini çoxdan başa vurmuş Metsamor atom elektrik stansiyası regionun təhlükəsizliyi üçün böyük risk daşıyır.

Onun sözlərinə görə, stansiyada istifadə edilən avadanlıqlar çox köhnədir və istismar müddətin çoxdan başa vururub. R.Sardarli bildirib ki, stansiyanın müdafiə sistemi hər an imtina edə bilər ki, bu da region üçün böyük faciənin baş verməsinə səbəb ola bilər: "Yaponiyada, Çernobulda baş verən faciələr göstərdi ki, heç kim atom faciəsindən sığortalanmayıb. Bu baxımdan köhnəlmiş avadanlıqlarla işləyən Metsamorda faciənin baş verə biləcəyi ehtimalı çox böyükdür".

R.Sərdarlı Metsamor atom elektrik stansiyasının fəaliyyəninin dayandırılmasının vacibliyini vurğulayıb.

Konfransda çıxış edən İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının rəhbəri Arye Qut bildirib ki, Metsamor atom elektrik stansiyası region təhlükəsizliyi üçün böyük təhdiddir.

O qeyd edib ki, bu stansiyanın vaxtilə Azərbaycanın dinc əhalisinə qarşı soyqırım aktları, o cümlədən Xocalı soyqırımını törətmiş cinayətkar bir hakimiyyətin nəzarəti altında olması bu təhlükənin nə dərəcədə böyük olduğunu göstərir: "Bu stansiya təmsil etdiyim Yaxın Şərq regionu üçün də böyük təhlükə törədir. Hətta deyərdim ki, Metsamor dünya nüvə təhlükəsizliyi üçün böyük təhdiddir".

O qeyd edib ki, bu gün nüvə təhlükəsizliyi dünyada mühüm əhəmiyyət kəsb edir. "Nəzərə alsaq ki, Metsamor terrorçu bir hakimiyyətin əlindədir, biz bu haqda təcili düçünməliyik".

Konfrans video körpü ilə qoşulan Ermənistanın "Beynəlxalq Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan "Stop Metsamor" QHT-lərin beynəlxalq koalisiyasının təsis edilməsinin vacibliyini qeyd edib. O koalisiyaya qoşulduğunu bəyan edib.

V.Martirosyan deyib ki, Metsamor stansiyası təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə törədir. O qeyd edib ki, Avropa Birliyi bu stansiyanın dayandırılmasını təklif etdi, lakin bu istiqamətdə aparılan danışıqlar Ermənistan hakimiyyətinin pozucu fəaliyyəti nəticəsində dalana dirəndi.

V.Martirosyan bildirib ki, Metsamor seysmoloji baxımdan təhlükəli ərazidə yerləşir: "Bu baxımdan Metsamor dünyada ən təhlükəli atom elektrik stanasiyasıdır. Stansiyada köhnə avadanlıqların olması bu təlhlükəni daha da artırır. Bu baxımdan stansiyanın fəaliyyətinin dayandırılması üçün təkcə QHT-lər deyil, bütün beynəlxalq təşkilatlar təcili hərəkətə keçməlidir".

Tədbirdə çıxış edən digər ölkələrin nümayəndələri də Metsamor stansiyasının region üçün və dünyanın nüvə təhlükəsizliyi üçün törətdiyi təhlükələrdən danışıb və bu təhdidin qarşısının dərhal alınmasının vacibliyini vurğulayıblar.

Sonda konfrans iştirakçıları "Stop Metsamor" QHT-lərin beynəlxalq koalisiyasının təsis edilməsi haqqında bəyannamə imzalayıblar.

XƏBƏRİ PAYLAŞ