DAILYKARABAKH
Hər şey ədalət üçün!

Rusiyalı müğənni Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri üçün üzr istədi

Rusiya Federasiyasının vətəndaşı, müğənni, aktyor və bəstəkar, “Чай вдвоём” qrupunun keçmiş üzvü Denis İliç Klyaver Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, məktubunda D.Klyaver Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, D.Klyaver Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. D.Klyaver, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

D.Klyaverin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

XƏBƏRİ PAYLAŞ