DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Qarabağda didişmə, yoxsa "klan"ın növbəti oyunu?

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında qurulmuş separatçı rejimin ordusunun indiki rəhbəri Levon Mnatsakanyanla keçmiş "nazir", uzun müddətdir Moskvada məskunlaşmış Samvel Babayan arasında ziddiyyətlər getdikcə kəskinləşir. Mnatsakanyan Babayanı 1994-cü ilin yanvar-fevral aylarında bircə gün ərzində 21 kilometrlik ərazini Azərbaycana təhvil verməkdə günahlandırıb.

Bundan bir qədər əvvəl isə Samvel Babayan aprel əməliyyatları zamanı erməni tərəfinin səhvlərə yol verdiyini demişdi. O, yarım, yaxud bir saat ərzində bütün mövqelərin təhvil verildiyi ittihamı ilə çıxış etmişdi. Mnatsakanyan da Babayanı "yaddaşını təzələyərək" vaxtilə torpaqları necə verdiyini xatırlamağa çağırıb. O, həmçinin Babayanın bu çıxışını Dağlıq Qarabağa qarşı diversiya adlandırıb: "Onun bəyanatlarında kadr dəyişikliklərinə çağırış var. Mən bunu təhlükəli hesab edirəm..."

Yeri gəlmişkən, Dağlıq Qarabağ "parlamentinin" Hayk Xanumyan adlı müxalifətdən olan deputatı tələb edib ki, Samvel Babayan yenidən "müdafiə naziri" vəzifəsinə təyin edilsin. Bu çıxışından sonra həmin deputatın yaxşıca döyüldüyü və vəziyyətinin ağır olduğu deyilir.

Yaranmış vəziyyəti Milli.Az-a şərh edən təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib ki, Samvel Babayanın Dağlıq Qarabağa gəlməsi və oradakı tərəfdarları tərəfindən ona vəzifə verilməsi barədə çağırışlar edilməsi nəinki Dağlıq Qarabağda, hətta İrəvanda hakimiyyətdə olan "Qarabağın erməni klanı" nümayəndələrini çox narahat edir:

"Bir il bundan əvvəl başqa bir qrup Dağlıq Qarabağa yürüş etmişdi. Lakin ordu və polisin gücü ilə onları döyüb geri qaytardılar. Çünki hazırkı İrəvan hakimiyyətinin "Axilles dabanı", yəni zəif yeri məhz Dağlıq Qarabağdır. Ona görə də orada hər hansı planlaşdırılmamış dəyişikliyin olması onların sonuna gətirib çıxara bilər. Amma indi Babayana qadağa qoya bilmirlər, çünki o, əslən Dağlıq Qarabağdandır. Uzun müddət Rusiyada yaşayan Babayanaın indi Qarabağa qayıtması isə İrəvanı çox narahat edir. Çünki Babayanın separatçı rejimin ordusunun başına gətirilməsi tələb edilib. Ordunun indiki başçısı Levon Mnatsakanyan isə Ermənistan Müdafiə Nazirliyinin qərargah rəisinin müavinidir. Babayanın tərəfdarları onu aprel müharibəsini uduzmuş şəxs kimi təqdim edir və yerinə Babayanı oturtmaq istəyirlər. Təbii ki, bu, Qarabağ klanının içindəki qruplaşmalar arasında ziddiyyətlərdən doğduğu görüntüsünü yaradır".

Ekspertin sözlərinə görə, əslində, hər iki klan Moskva ilə sıx əlaqəlidir: "Lakin Samvel Babayan Moskvadan yenicə qayıdıb. Aprel döyüşləri vaxtı isə Moskvada olub və guya ki, Rusiyadakı ordu generalları ilə görüşlər keçirib. İrəvandakı "Qarabağın erməni klanı" Babayan və onun başında durduğu digər klanın nümayəndələrindən ehtiyat edərək hansısa sərt tədbirlərin görülməsinə əl ata, ilk növbədə, onları həbs edə bilərlər. Artıq onlardan birini döyüblər. Hər halda onlara qarşı repressiyalar olacaq. Babayanın özünün də taleyi müəmma doğurur. Çünki onun Xankəndidə "çevriliş etməsi" və guya xalq tərəfindən ordunun başçısı təyin olunması planı artıq alınmadı. İndi orada bulanıq vəziyyət, belə demək mümkünsə, hərbi-siyasi qarşıdurma yaranıb".

E.Ələsgərov hesab edir ki, bütün bu proseslərlə bağlı, əslində, iki ehtimal irəli sürmək olar: "Birincisi, bu məsələlər, doğrudan da, mövcud ziddiyyətlərin nəticəsidir və bunun arxasında Ermənistanın müdafiə naziri Seyran Ohanyana qarşı dəyişiklik etmək, onun komandasını devirmək istəyən Moskva və ya Rusiyanın hərbi dairələri durur. İkincisi, bu, İrəvandakı "Qarabağ erməni klanı"nın yeni oyunu kimi də qiymətləndirilə bilər. Çünki, məncə, onlar aranı qarışdırmaq, Azərbaycanla danışıqlardan imtina etmək üçün belə planlara əl atırlar. Əslində, mən heç Babayanın tərəfdaşının, həqiqətən, döyülməsinə də inanmıram. Çünki artıq ermənilərin heç bir sözünə inam qalmayıb. Elə klanın digər üzvü, separatçıların keçmiş "xarici işlər naziri" özü deyib ki, Ermənistan hakimiyyəti hər şeyi yalan danışır".

İlkin İzzət
Milli.Az

XƏBƏRİ PAYLAŞ