DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

QHT rəhbəri: Masa üzərində "Böyük Sülh Sazişi"nə aparan sənədlərin olması gözləniləndir

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində görüşü Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli üçün yeni imkanlar açacaq.

Dailykarabakh-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

Onun sözlərinə görə, görüşdən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyinin müzakirələrin konstruktiv keçdiyi barədə bəyanatı onu göstərir ki, Ermənistan artıq mövcud status-kvonun qorunub saxlanmasının mümkünsüz olduğunu anlayıb: "Çox güman ki, müzakirələrdə münaqişənin tənzimlənməsində mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Görünən tərəf budur ki, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirir".

QHT rəhbəri bildirib ki, Rusiyanın münaqişənin həllində istəkli görünməsi masa üzərində "Böyük Sülh Sazişi"nə aparan ciddi sənədlərin olmasını qaçılmaz edir: "Ermənistan bu dəfə də müəyyən bəhanələrlə qeyri-konstruktiv mövqe nümayiş etdirsə, bu dəfə dörd günlük yox, daha çox müddətli müharibənin şahidi ola bilərik. Rəsmi Bakı birmənalı olaraq mövqeyini bəyan edib - status-kvo dəyişilməlidir və münaqişə mərhələli həll edilməlidir".

E.Hüseynlinin fikrincə, çox güman ki, yaxın müddətdə prezidentlərin daha bir görüşü reallaşa və bundan sonra münaqişənin həlli üçün real proseslərə başlana bilər.

XƏBƏRİ PAYLAŞ