DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Torpaqlar azad ediləcək -MÖVQE

İyunun 20-də Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar Azərbaycan torpaqlarının işğaldan sülh yolu azad edilməsi prosesinin başlanğıcıdır. Prosesin məhz Rusiyada və prezident Vladimir Putinin iştirakı ilə başlanması onun ciddi olacağına ümid yaradır.

Dailykarabakh-ın məlumatına görə, bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.

Ekspertin sözlərinə görə, danışıqlarda müəyyən addımların atılması nəzərdə tutulub: "Çünki diplomatiyada belə olmur ki, görüş keçirilsin, amma onun davamı nəzərdə tutulmasın. Qayda budur ki, hansısa görüşün arxasında ya konkret proses, ya da planlar durmalıdır. Və prosesə hansı tərəfdən baxsaq, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə başlanmalıdır. Bunun başqa alternativi yoxdur. Bütün görüşlər, irəli sürülən bütün təkliflər yalnız bu məsələ üzərində qurulub. İndi biz bu uzun prosesin başlanğıcındayıq. Dağlıq Qarabağ birdən-birə işğal olunmayıb. Onun azad edilməsi də uzun proses olacaq. Əlbəttə ki, biz istəyirik ki, bu, maksimum tez olsun. Amma reallıqda hadisələr elə olmur. Təbii ki, problemin həlli mərhələli şəkildə olacaq və Sankt Peterburqdakı son görüş də buna ümid verir. Bu, həm də ümid verir ki, bundan sonra da növbəti görüş olacaq və orada müzakirələr daha detallı şəkildə aparılacaq".

E.Ələsgərov qeyd edib ki, Ermənistan bu prosesə mane olmaq və mövud status-kvonu saxlamaq üçün ön təkliflərlə, müxtəlif bəhanələrlə çıxış etsələr də, onların heç biri qəbul olunmayıb: "Bəhanələrdən biri bu idi ki, danışıqlarda Dağlıq Qarabağın erməni nümayəndələri iştirak etməli idi. Lakin hamımız bilirik ki, Rusiyadakı görüşdə onlardan nəinki bir şəxs olmayıb, hətta bu mövzu müzakirə belə edilməyib. İkincisi, Ermənistan cəbhə xətti boyu texniki nəzarət vasitələrinin yerləşdirilməsini istəyir. Görüşdə bu da müzakirə mövzusu olmayıb. Sadəcə, ATƏT-in müşahidə missiyası üzvlərinin sayının artırılmasına baxılıb. Bu isə Azərbaycanı qətiyyən narahat edən məsələ deyil. Bizim üçün missiyanın üzvlərinin sayının nə qədər olması fərq etmir".

Politoloq Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyadakı görüşdən sonra Dağlıq Qarabağa səfər etməsinə də aydınlıq gətirib: "Serj Sarkisyan öz ölkəsində imicini qoruyub saxlamaq üçün, təbii ki, hansısa tədbirlər görməlidir. Məhz bu tədbirlər çərçivəsində xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan tərəfindən rayonların mərhələli şəkildə qaytarılmasına dair səslənən fikirləri inkar edir və danışıqların guya başqa istiqamətdə getməsinə dair müvafiq bəyanatlar verir. Axı danışıqlar başqa istiqamətdə gedə bilməzdi. Hamıya aydındır ki, proses işğalçı ordunun mərhələlərlə Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmasından ibarətdir. Sarkisyan da Dağlıq Qarabağa səfər etməklə guya onları müdafiə edəcəkləri, həmişə ordunun yanında olacağı və s. ab-hava yaratmaq istəyir. Amma reallıq budur ki, Rusiyada keçirilən üçtərəfli görüşdən sonra bəyanat qəbul edilib və Sarkisyan da onun altından imza atıb".

XƏBƏRİ PAYLAŞ