DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Vüsal Hüseynov: Olimpiyada oyunlarında təxribat törədən Ermənistan idmançısı diskvalifikasiya edilə bilər

“Ermənilərin Avroviziya mahnı müsabiqəsində yol verdikləri təxribatın Olimpiya oyunlarında təkrarlanması bunun artıq mərkəzləşdirilmiş, planlı kampaniya olmasına işarədir”. Dailykarabakh-ın məlumatına görə, bu sözləri millət vəkili Vüsal Hüseynov erməni güləşçi Artur Aleksanyanın Olimpiadada mükafatlandırma mərasiminə aprel döyüşlərində həlak olan erməni əsgərin şəkli vurulmuş köynəklə çıxmasını şərh edərkən bildirib.

Öz facebook səhifəsində yayımladığı təhlildə V.Hüseynov bildirib ki, idmandan siyasi məqsəd üçün istifadə edən idmançı və Ermənistan Milli Olimpiya Komitəsi bu təxribatın məsuliyyətini və mənfi nəticələrini daşımalıdır.

Deputat vurğulayıb ki,Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətini tənzimləyən və rəhbər tutduğu Olimpiya Xartiyasına (Əsasnaməsinə) əsasən bu, qaydaların ciddi pozulmasıdır və bu hala görə idmançı və əlaqədar nümayəndə heyəti (bu halda Ermənistan Olimpiya Komitəsi) diskvalifikasiya edilə, cəza tədbirlərinə məruz qala bilər.

Daha sonra millət vəkili Xartiyanın müvafiq maddələrini paylaşıb:

2-ci Fəsil: Beynəlxalq Olimpiya Komitəsinin missiyası və rolu
10-cu maddə

- Idman və idmançıların hər hansı siyasi və ticari məqsədlərlə sui istifadə edilməsinin qarşısının alınması

16-cı Fəsil: Üzvlər
1.3-cü maddə

Beynəlxalq Olimpiya Komitəsi yeni üzvlərini (bu halda Milli Olimpiya Komitələrini) öz öhdəliklərini yerinə yetirəcəkləri barədə aşağıdakı andı içməklə razılıqlarını bildirdikləri halda qəbul edir.

Anddan çıxarış: “Özümü hər hansı siyasi, ticari, irqi və dini təsirlərdən kənar tutacağımı bildirməklə, Olimpiya hərəkatına xidmət etməyi məqsəd müəyyən edirəm”.

27-ci Fəsil: Milli Olilmpiya Komitələrinin missiyası və rolu

6-cı maddə Milli Olimpiya Komitələri Olimpiya Komitələri öz muxtariyyətlərini qorumalı və Olimpiya Xartiyası ilə ziddiyət təşkil edən bütün, o cümlədən siyasi, hüquqi, dini və iqtisadi təzyiqlərlə müqavimət göstərməlidirlər.

50-ci Fəsl: Reklam, nümayişlər, təbliğat
2-ci maddə

Olimpiya oyunları keçirilən sahələrdə, yerlərdə heç bir nümayiş və ya siyasi, dini, irqi təbliğat həyata keçirilməsinə yol verilmir.

50-ci maddə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul edilmiş qayda
1-ci hissə

Olimpiya oyunlarında şəxslər üzərində, onların idman paltarlarında, aksesuarlarında və ya ümumi olaraq bütün rəqiblər, komanda rəsmiləri, komandaya üzv olan digər şəxslər və bütün digər iştirakçılar tərəfindən geyinilmiş paltarların və istifadə olunan ləvazimatların üzərində heç bir formada təbliğat, reklam, kommersiya və sair xarakterli hallar yer ala bilməz.

Bu maddənin 1-ci hissəsinin pozulması əlaqədar şəxsin və ya əlaqədar nümayəndə heyətinin diskvalifikasiyası və ya əlaqədar şəxsin və ya əlaqədar nümayəndə heyətinin akkreditasiyasının geri götürülməsi ilə nəticələnə bilər. Bu tədbirlər Beynəlxalq Olimpiya Komitəsinin İcra Heyəti və ya Sessiyası tərəfindən bəyan edilən digər təbdirlər və sanksiyalara xələl gətirmir.

“Göründüyü kimi, Ermənistan Milli Olimpiya Komitəsi və erməni idmançı Olimpiya oyunları ilə bağlı müəyyən edilmiş tələbləri pozublar.
Beynəlxalq ictimaiyyətin, xüsusilə Beynəlxalq Olimpiya Komitəsinin bu hala qiymət verməsi, uyğun məsuliyyət tədbirləri tətbiq etməsini təmin etmək və ya bu prosesə töhvə vermək üçün BU PETİSİYANI yaratdıq və dəstək olmaq üçün çağırış edirik. Eyni zamanda sosial şəbəkədən istifadə edənlər bu məlumatları və petisiyanı
‪#‎Rio2016‬
‪#‎Olympics‬
‪#‎Aze‬
#Olympics
haştaqlarında paylaşa və bununla bağlı məlumatlandırmanı artıra bilərlər. Beynəlxalq Olimpiya Komitəsinin bu məsələdə ədalətli mövqe tutacağına ümid edirik”,- deyə millət vəkili vurğulayıb.

XƏBƏRİ PAYLAŞ