DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Əgər Roma Papası bu həqiqətləri deyəcəksə..."

Məlum olduğu kimi, sentyabrın 30-da Roma Papası Fransisk Azərbaycana səfər edəcək. Vatikan rəhbərinin ölkəmizə planlaşdırılan səfəri "Hamımız qardaşıq" şüarı altında həyata keçiriləcək.

Verilən məlumata görə, sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Roma Papası Fransisk Gürcüstanda da olacaq. Bundan əvvəl isə o Ermənistanda səfərdə olub.

Son dövrlər Azərbaycanla Vatikan arasında mədəni sahədə əlaqələr sürətlə inkişaf etdirilir, bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətindən müvafiq addımlar atılır. Dövlətimizin dünya mədəniyyətinin, tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti Vatikandan da yan keçməyib. Fondun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunaraq əvvəlki möhtəşəm görkəminə qayıdıb. Bir neçə il davam edən kompleks bərpa işlərinin nəticələri fevralın 23-də Papanın Mədəniyyət Şurasının iqamətgahında təqdim edilib.

Bundan başqa din və millətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrlə də Azərbaycan Vatikanla, ümumilikdə isə dünya sivilizasiyası ilə əlaqələrini daha da möhkəmləndirib, tolerantlıq, multikulturalizm kimi ənənələrin həm daşıyıcısı, həm də təbliğatçısına çevrilib. Heç şübhəsiz ki, bu da ayrı-ayrı etnik qruplar, din və mədəniyyət daşıyıcıları arasında münasibətlərin nizama salınmasında əvəzsiz rola malikdir. Lakin görünən odur ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Çünki müasir dünya hələ də dini təəssübkeşlik, etnik ayrımçılıq kimi mənfi təzahürlərdən əziyyət çəkir. Bu mənada, sivilizasiyalar arasında münasibətlərin yaxşılaşdırılması və inkişafına xidmət edən əsas fiqurlardan biri kimi Müqəddəs Taxt-Tacın sahibi bəzi hallarda ortaya qoyduğu mövqe ilə müəyyən qədər multikultural, tolerantlıq ənənələrini kölgədə saxlayıb. Qondarma erməni soyqırımı kampaniyasına verdiyi dəstəklə türk dünyasında özünə qarşı mənfi rəy formalaşdıran Roma Papası cari ilin iyunun 24-də İrəvanda olarkən verdiyi bəyanatlarla bir daha diqqət mərkəzinə düşmüşdü. Fransisk İrəvanda "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" fikrini səsləndirmişdi. Bu fikir Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də, diplomatik dillə İrəvanda verdiyi bu cür bəyanatlardan sonra Bakıda Roma Papasının "Hamımız qardaşıq" şüarı ilə nə demək istədiyi böyük maraqla gözlənilir. Görəsən, Fransisk Ermənistanda hansı həqiqətləri görüb?

Məsələ ilə bağlı "Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli "525"ə bildirib ki, son illər Azərbaycanla Vatikan arasında qarşılıqlı rəsmi səfərlər həyata keçirilib: "Bu əməkdaşlığın nəticəsidir ki, Prezident İlham Əliyev Azərbaycanla Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Müqəddəs Taxt-Tacın ən yüksək mükafatlarından biri olan "Sede Vacante" medalına layiq görülüb".

E.Hüseynli qeyd edib ki, Azərbaycan daha çox mədəniyyət sahəsində əməkdaşlığa böyük töhfələr verib: "Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Vatikanda bir sıra layihələr reallaşdırılıb. Təkcə, Vatikan Apostol Kitabxanasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihəni xatırlatmaq kifayət edər. XV əsrdən fəaliyyət göstərən bu kitabxanada Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox əlyazmalar bərpa edilib. Onu da qeyd edək ki, ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunub. Bu əlyazmaların bərpa və rəqəmsallaşdırılmasında Fondun böyük xidmətləri olub. Onu da qeyd edək ki, Vatikan Roma Papası Fransiskin sentyabrın sonlarından Gürcüstana və Azərbaycana başlayacaq səfəri rəsmi Vatikanın bölgəyə xüsusi önəm verdiyinin göstəricisidir. Bu, Roma Papasının Azərbaycana ikinci səfəri olacaq. Xatırlayırsınızsa, 2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfəri baş tutmuşdu. II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri zamanı bir sıra görüşlərdə, o cümlədən, ümummilli lider Heydər Əliyevlə görüşərək ikitərəfli əməkdaşlığa dair önəmli bəyanatla çıxış etmişdi. Düşünürəm ki, Roma Papası Fransiskin Azərbaycana gözlənilən səfəri Azərbaycan və Vatikan arasında uğurlu əməkdaşlığın yeni formatda inkişafına öz töhfəsini verəcək".

Ekspert xatırladıb ki, Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri "Hamımız qardaşıq" şüarı altında həyata keçiriləcək:

"Bu səfər Fransiskin sayca 16-cı xarici səfəri olacaq. Bundan öncə isə Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi. Ermənistanda səfərdə olan Roma Papası Fransisk və erməni katalikos II Qaregin Eçmiadzində imzaladıqları birgə bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunublar".

Roma Papasının 2014-cü ildə Türkiyəyə səfərini də xatırladan E.Hüseynli bildirib ki, həmin səfər zamanı Roma Papası Türkiyə-Ermənistan sərhədlərinin açılacağına ümid etdiyini vurğulayıb:

"Onun istər Türkiyə, istərsə iyun ayında İrəvana səfəri zamanı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı qınayacaq bir kəlmə sözünə də rast gəlinməyib. "Kilsə hakimiyyəti"nin öz ərköyün balasını açıqca müdafiə etməsi dünyada istər dini, istər siyasi baxışlarda ikili yanaşmanın mövcud olduğunu göstərir. Haqq, ədalət qalır bir kənarda, işğalçı rejimlər müdafiə olunur.

Papa Fransisk Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi ilə, müharibənin ağır nəticələrini öz taleyində yaşayan azərbaycanlılarla maraqlanırmı? Türkiyədən sərhədlərin açılmasını istəyirsə, sual etməyibmi ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllində hansı ümidverici addımlar atır? Minlərlə insanın ölümünə bais olan Serj Sarkisyandan soruşulubmu ki, sən niyə işğalçı siyasətindən əl çəkmirsən? Öz doğulduğu torpaqlarda yaxınlarının qəbrini ziyarət etdiyinə görə girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncə altında saxlanılır. Əslində, bunlar acı da olsa reallıqdır. Ancaq düşünürəm ki, "Hamımız qardaşıq"şüarı ilə Azərbaycana gələcək Roma Papası qardaşlıq naminə Ermənistanı işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağa çağırmalıdır".

Roma Papasının İrəvanda "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" fikrinə də toxunan ekspert söyləyib ki, Roma Papasının Ermənistanda hansı həqiqətləri gördüyü onunçün qaranlıq qalıb:

"Bildiyim həqiqət odur ki, Ermənistan XXI əsrdə hələ də digər bir dövlətin torpaqlarının 20 faizini işğal altında saxlayır. Ermənistan XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımını törədib. Heç də uzaq tarix olmayan cəbhə xəttindəki aprel hadisələrində mülki şəxslərə qarşı hərbi cinayətlər törədib. Mülki şəxslər öldürülüb, evlər dağıdılıb. Əgər Roma Papası bu həqiqətləri deyəcəksə, bundan məmnun olaram və dünyada ikili yanaşmanın olması barədə söylədiyim fikri geri götürərəm. Yox əgər "Vatikan sülhün tərəfdarıdır" deyib, Azərbaycanı münaqişənin həllinə çağıracaqsa, bu, adi protokol yanaşmasından başqa bir şey olmayacaq. Onsuz da Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdar olduğunu bəyan edib. Bu yol isə yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasından keçir".

Fransiskin Qarabağ mesajının münaqişənin ədalətli həllində nə kimi əhəmiyyətə, təsir gücünə malik olması barədə danışan ekspert qeyd edib ki, Roma Papası dünyada nüfuzlu şəxs kimi qəbul edilir: "Onun hər bir kəlməsinə dünya siyasiləri önəm verir. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı sadəcə tövsiyə xarakteri daşıya bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olur. Hesab edirəm ki, həmsədr ölkələrin dövlət başçıları münaqişənin həllinə daha səmimi yanaşsalar, o halda hansısa ciddi nəticələrdən danışmaq olar".

XƏBƏRİ PAYLAŞ