DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

İlham Əliyev: “ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?!”

Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Dailykarabakh-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini dedi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlətimizin başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirdi, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strarteji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını dedi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğuladı.

Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirdi. Dövlətimizin başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırdı.

İlham Əliyev daha sonra bildirib: “Burada o da deyilir ki, ATƏT-in Bakıdakı ofisi Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə bağlı Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir.

Buradakı bir cümlədə isə deyilir ki, biz heç bir izahat vermədən ofisi bağlamışıq. “Freedom House” Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz.

“Freedom House”a gəlincə. “Freedom House” isə ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir“.

XƏBƏRİ PAYLAŞ