DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Rəsmi Bakı: "Həmsədrlərin düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin"

"Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Təəssüf ki, münaqişə həllini tapmır. Beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir".

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışında deyib.

N. Məmmədovun fikrincə, iş o yerə çatıb ki, ABŞ dövlət katibi dünyaya guya mesaj verir ki, liderlər münaqişənin həllinə hazır deyillər: "ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? İnsan hüquqlarından, beynəlxalq hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar. Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıb? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır, belə bəyanatlar da buna əsas yaradır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Qarabağ münaqişəsindən danışarkən Xocalı soyqırımını kənara qoymaq olmaz: "Ermənistan olmayan soyqırımını dünyaya guya həqiqətən törədilmiş kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımıdır. Dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ-ın bir sıra ştatı Xocalı soyqırımını tanıyıb".

N. Məmmədov bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin daxili və xarici siyasətinin dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması demək idi: "Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət həyata keçirir, Qoşulmama Hərəkatına üzv olub, kiçik dövlət olsa da, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında aktiv iştirak edir. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biridir. Hazırda Azərbaycan Əfqanıstana yük daşınmasında əsas rol oynayır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan bir çox üçtərəfli formatların təşəbbüskarıdır: "Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatları buna nümunədir. İslam Əməkdaşlıq Təşkilatı Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, bununla bağlı qrup yaradılması barədə də qərar verilib".

N. Məmmədov qeyd edib ki, SSRİ-nin süqutundan, "Varşava sistemi" dağılandan sonra dünya ictimaiyyəti beynəlxalq hüququ unudub. O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyini qeyd edib: "Azərbaycan Avropa İttifaqına daxil olan 8 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb".

N. Məmmədov vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri Asiya və Avropanı birləşdirib: "45 milyard dollar sərmayənin qoyulacağı TAP, TANAP layihələrinin reallaşması yeni səhifə açacaq. Bu gün enerji amili dövlətlərarası münasibətlərə, xarici siyasətə böyük təsir göstərir. Azərbaycan həm də Şərqlə Qərbin mədəni qovşağıdır. Azərbaycan Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verib, Şərqdə ilk dəfə opera və baletin əsasını qoyub. Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bu xüsusda 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarını qeyd etmək istəyirəm. İdman sülhün təşviqində böyük rol oynayır. Gələn il isə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Bu tədbirlərin keçirilməsi bu gün asan olmasa da, Azərbaycan idman siyasəti ilə sülhə böyük töhfə verməyə davam edir".

XƏBƏRİ PAYLAŞ