DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Qarabağ geyimləri" kitab-kataloqu təqdim olunub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbir "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib. Müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulova olan kitab-kataloqda ilk dəfə çöl-etnoqrafik materiallar, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XİX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov münaqişənin tarixindən söz açıb, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı törədildiyini, torpaqlarımızın işğal edildiyini bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində ərazi bütövlüyümüzün bərpa olunacağını, məcburi köçkünlərimizin torpaqlarımıza qayıdacağını vurğulayıb. B. Səfərov mədəni irsimizə sahib çıxmağımızın vacib olduğunu bildirib.

Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev isə "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun əhəmiyyətindən söz açıb, gələcəkdə də bu yöndə layihələri dəstəkləyəcəklərini nəzərə çatdırıb.

Müəlliflər Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq barədə geniş məlumat veriblər.

Tədbirdə Qarabağ geyimləri də nümayiş etdirilib.

XƏBƏRİ PAYLAŞ