DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Eldar Mahmudov: “İslam dövləti”nin timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib

Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq kürsülərdən müasir terrorçu təşkilatların öz cinayətkar əməllərini daha da genişləndirmək üçün nəzarət olunmayan zonalar yaratmaq məqsədi ilə qarşılarına ayrı-ayrı ölkələrin ərazilərinin qəsb olunması kimi strateji hədəflər qoyduqlarını mütəmadi olaraq diqqətə çatdırıb. Bu təhlükənin ağır fəsadları artıq əyani şəkildə Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasətinin nümunəsində sübuta yetirilib.

Dailykarabakh-ın verdiyi məlumata görə, bunu milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, lakin bir sıra beynəlxalq dairələrdə bu məsələnin təhlükəliliyinə ikili yanaşmaların mövcud olması problemin indiyədək ədalətli həllini tapmamasının başlıca səbəblərindəndir.

Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsinin xüsusi xidmət orqanları arasında çoxtərəfli əməkdaşlığın daha da yüksəldilməsi üçün münbit zəmin yarada biləcəyini vurğulayan nazir Eldar Mahmudov, bu cür əməkdaşlıq mexanizmlərinin eyni zamanda “İslam dövləti” terrorçu təşkilatı kimi qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətindən irəli gələn təhlükələrin qarşısının vaxtında alınmasına öz töhfəsini verəcəyinə əminliyini qeyd etmişdir: “Təəssüf ki, “İslam dövləti” terrorçu təşkilatının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşmişdir. Bir neçə ölkənin ərazisində fəaliyyət göstərən və öz nüfuz dairəsini genişləndirməyə çalışan bu terrorçu təşkilat qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”.

XƏBƏRİ PAYLAŞ