DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Anar: "Bir neçə erməninin Bakıdakı bəyanatı erməni şüurunda yaranan ayılmanın ilk işartılarıdır"

Yazıçılar Birliyinin sədri Anar Azərbaycan və Ermənistan yazıçılarının dostluq qrupunun yaradılması məsələsinə aydınlıq gətirib.

"Əgər Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal edibsə, Ermənistan ərazisindən 200 min azərbaycanlı amansızcasına qovulubsa, Dağlıq Qarabağdan və ətraf rayonlarımızdan milyona yaxın insanımız yerindən-yurdundan didərgin salınıbsa və bir nəfər belə erməni yazıçısı buna qarşı etiraz səsini qaldırmayıbsa, biz kiminlə dostluq əlaqəsi qura bilərik? Amma bununla belə, bir neçə fikrimi bildirmək istərdim. Əvvəla, bugünkü Ermənistanın müharibə cinayətkarları rejiminə qarşı bütün qəzəbimizi ifadə etməklə, balayanlar kimi fitnəkarları damğalamaqla birlikdə (damğalamışıq da, həm də Moskvada, şəxsən özünün iştirak etdiyi qurultayda) bütünlüklə erməni xalqını düşmən elan etməməliyik. Hətta Stalin kimi barışmaz və güzəştsiz adam müharibənin şıdırğı vaxtında “Hitlerlər gəlib gedir, alman xalqı və alman dövləti isə qalır” demişdi. Əgər Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına inanırıqsa və burda ermənilərin yaşaması bir faktdırsa, onda biz “siz düşmənimizsiniz” deməklə nə qazanırıq? Elə ermənilərin də dediyi odur ki, bu iki xalq bir yerdə yaşaya bilməz. Əksinə, biz deməliyik ki, əsrlərlə bir yerdə yaşamışıq və yenə də yaşaya bilərək. Bir şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Fikrimcə, təbliğatımız onu da vurğulamalıdır ki, sadə erməni xalqı, o cümlədən Qarabağ erməniləri provakatorların girovuna çevrilib" deyə yazıçı Anar APA-ya müsahibəsində deyib.


Dailykarabakh-ın məlumatına görə, Anar açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması həm Qarabağdakı, həm də Ermənistandakı erməni xalqının xeyrinədir: "Bunu faktlarla asan isbat etmək olar. Ermənistan nə qədər diaspordan dilənə-dilənə, böyük dövlətlərin vassalı olaraq, təcrid olunmuş halda yaşaya bilər? Demoqrafik faktoru, Azərbaycanda əhali artımını, ermənilərin axın-axın ölkələrini tərk etməsini nəzərə alsaq, bir neçə il sonra Qafqazda azərbaycanlılarla ermənilərin müqayisə olunmaz nüfuz fərqi həlledici amilə çevriləcək. Bu, bir. İkincisi, çalışmalıyıq erməniləri, ilk növbədə Dağlıq Qarabağ erməniləri, siyasətçiləri arasından az-çox ayıq başla hərəkət edənlərlə münasibətlər quraq, onları bu danılmaz gerçəyə inandıraq ki, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli ermənilərin də xeyrinədir. Üçüncü vacib məsələ, Ermənistandan qovulmuş azərbaycanlıların problemidir. Biz nədənsə bu məsələni qabartmırıq, çox vaxt müdafiə mövqeyindən çıxış edirik. Məncə, ideoloji, təbliğat hücumuna keçməyin vaxtı çoxdan yetişib. Ermənistandan, dədə baba yerlərindən çıxarılmış azərilərin hüquqlarının pozulmasını, insan haqlarına təcavüz kimi beynəlxalq səviyyədə qaldırmalıyıq. Bəlkə də xüsusi bu işlə məşğul olan mötəbər qurumun yaradılmasına ehtiyac var. Qarabağ məsələsi təzə qalxanda Mərkəzi Komitədə müşavirədə çıxış edərkən “Dağlıq Qarabağın muxtariyyəti olduğu halda, biz də Ermənistanda kompakt yaşayan azərilər üçün muxtariyyət tələb etməliyik” dedim. Məni qınadılar ki, biz hələ Qarabağ məsələsini həll etməliyik, sən isə ortalığa Göyçə-Zəngəzur məsələsini çıxarırsan. O vaxt əmindim, indi də əminəm ki, Ermənistan azərilərinin muxtariyyəti məsələsində israr etsəydik, biz yox, ermənilər müdafiə vəziyyətində qalardı. Bütün azərilərin Ermənistandan çıxarıldıqlarından sonra paritet məsələsi aradan qalxdı və biz bu “kozır”ımızı itirdik. Ermənistandan qovulan həmmillətlərimizin ilk on minini Dağlıq Qarabağda yerləşdirmək təklifimiz də qulaq ardına vuruldu. Ermənistandan çıxarılan ilk on min Dağlıq Qarabağda yerləşdirilsəydi, ermənilər bu işi sonacan davam etdirə bilməzdilər. Nə isə. Yazıçı sözünə kim qulaq asır ki…".

Anar əmindir ki, son vaxtlar Ermənistandan qaçıb Avropaya sığınan bir neçə erməninin Bakıya gəlməsi, bəyanatları, Xocalı soyqırımına görə üzr istəmələri, abidəyə əklil qoyub baş əymələri bəlkə də erməni şüurunda yaranan ayılmanın ilk işartılarıdır: "Onları pisikdirməməliyik, əgər səmimidirlərsə, haçansa bu cür düşünən insanların Ermənistanda artacağına və gücə malik olacağına zəif də olsa ümid yaranır. Belələri ilə ünsiyyətdə olmağa hazırıq".

XƏBƏRİ PAYLAŞ