DAILYKARABAKH
Hər şey ədalət üçün!

Azay Quliyev Lukaşenkoya təşəkkür etdi

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühim hadisədir. Dailykarabakh-ın məlumatına görə, bunu mətbuata açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib: 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açmasını və göndərilən sorğuya əsasən Belarusda həbs edilərək ölkəmizə təhvil verilməsini tələb etməsini alqışlayıram.
Belarus Respublikasının hüquq mühafizə orqanlarına və şəxsən prezident Lukaşenkoya göstərdiyi prinsipilallığa görə təşəkkür edirəm.

Onun sözlərinə görə, bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə bir qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək.

Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur.

Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduqları cəzanı alacaqlar.

Qeyd edək ki, bundan əvvəl Belarus Ali Məhkəməsi bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

XƏBƏRİ PAYLAŞ