DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Müharibə tək səngərdə aparılmır...

Hər dəfə cəbhədə atəşkəsin pozulması yaratdığı gərginliklə yanaşı, bütün diqqəti düşmənlə üz-üzə dayanmış Azərbaycan Ordusuna, qəhrəman əsgərlərimizə yönəldir. Azərbaycan uzun zamandır zorən cəlb olunduğu müharibə şəraitində yaşayır. Bu bəlli. Amma açıqca qeyd etmək lazımdır ki, ötən ilin aprel döyüşlərində yaşanan gərginlik öz yükü ilə atəşkəsin qismən az pozulduğu dönəmlərdən fərqlidir.

Son günlərin statistikası bizlərə şəhid xəbərləri ilə yanaşı, cəbhə xəttində ermənilərin törətdiyi təxribatlar nəticəsində müharibənin ağırlığını da təkrar-təkrar yaşadır. Düşməndən fərqli olaraq, bu gün kifayət qədər güclü olan Azərbaycan Ordusu bu dəfə də erməni təxribatlarının qarşısını aldı.

Müharibənin qaydaları, onun törətdiyi fəsadlar haqqında uzun-uzadı yazmaq olar. Amma mən bu dəfə ön cəbhədəki vəziyyətə deyil, arxa cəbhənin döyüşlərə münasibətinə diqqəti yönəltmək istəyirəm. Müharibə şəraitində yaşayan bir ölkədə ön cəbhə ilə yanaşı, arxa cəbhənin də bəlli bir missiyası olur. Qısası, informasiya müharibəsi də var.

Son bir neçə gündür mətbuatı izləyir, cəbhə xəbərlərini oxuyuram. Peşəkarlığı, qeyri-peşəkarlığı, dəqiq, qeyri-dəqiq və sair xırdalıqlara varmadan, üzərində dayanmadan cəbhə ilə bağlı xəbərlərin yayılmasına münasibət məni çox ağrıdır. Yarışın finiş xəttinə kim tez çatarcasına müharibə ilə bağlı xəbər yaymaq nə deməkdir?! Özünü öndə görmək "iddia"sı bəzilərinin başına necə vurubsa, sanki başqa ölkədə baş verənlər haqqında məlumat yayırlar. İnanın ki, bu yanaşmanın adını yazmaq istəmirəm...

Cəbhədə baş verənlərlə əlaqədar informasiyaların yayılması ilə bağlı bu dövlətin cavabdeh qurumları var. Çoxmu çətindir informasiyanı cavabdeh qurumun açıqladığı rəsmi məlumatla yaymaq? Daha bir həssas sualım da var - Rəsmi qurumdan almırsınızsa cəbhə xəbərini, bəs haradan alıb yayırsınız? Ermənidən, yoxsa özünüz getmişdiniz birbaşa ön cəbhəyə xəbər dalınca?!

Ön cəbhədə qəhrəman oğullarımız Vətənin namusunu qoruyarkən, torpaqlarımızın azadlığı üçün canlarından keçərkən sizəmi qalmış qəhrəmanlıq etmək?!!

Təbii ki, informasiya olmalıdır. Müharibənin gətirdiyi problemlərlə mübarizə aparmaq üçün rəsmi informasiya üzərində qurulmalıdır təbliğat. Amma "Əhməd getdi, mən qaldım" prinsipi ilə yox...Heç kimə lazım olmayan "birincilik"lə yox. Öncə Vətən olan yerdə, xırda, kiçik iddialar yox olmalıdır. Bütün gözlər cəbhəyə dikildikdə umu-küsülər yaddan çıxır, sadəcə QƏLƏBƏ haqqında düşünülür.

Çox sevdiyim əziz bir dostumun fikrini xatırlatmaq yerinə düşür - Vətəni qışqıra-qışqıra sevməzlər. Düşmənlə üz-üzə cəbhədə ağır döyüşlər gedərkən arxada çaşqınlıq yaratmağın, düşmənin dəyirmanına su tökməyin adını özünüz yaxşı bildiyiniz üçün təkrarlamıram.

Vətəni sevmək imandandır. Torpaq yanğısını çəkən bilər. Sevdiklərimizi, əzizlərimizi ağuşuna tapşırdığınız müqəddəs torpağın adıdır Vətən. Sabah bizi də ona tapşıracaq övladlarımız. Ayaqlarını doğma yurdunun torpağına bərk-bərk basan Vətən oğulları haqq işi üçün mübarizə apardıqları, döyüşdükləri üçün zəfər də onların olacaq. Buna hər kəs əmin olsun - murdar erməni. Geci-tezi var sadəcə...

Xalqımın fəxri, millətimin qürur yeri - Azərbaycan əsgəri! Sənin ayağının dəydiyi torpaqlar, qazanacağın zəfərlər bu millətin gələcək tarixini yazacaq. Arxasında el-obası, önündə - Vətəninin işğal olunmuş hissəsində isə düşmənin olduğunu bir an unutmayan qəhrəman əsgərlərimiz dövlətimizin sabahı, millətimizin işıqlı gələcəyini yazmaq üçün hər an ölümün gözünün içinə dik baxaraq şəhadətə imza atırlar. Bizim bu igid oğullar qarşısında borclu olduğumuzu unutmamaq lazım.

Müharibə tək səngərdə deyil, arxa cəbhədə də aparılır. Hər kəs əməli ilə Vətəninə töhfəsini verir. Əlbəttə ki, Vətənini düşünərək addım atırsa...

Mətanət Əliyeva

XƏBƏRİ PAYLAŞ