DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistanda iqtidar terrora, müxalifət isə üsyana hazırlaşır

Parlament seçkiləri kampaniyası namizədlərin güllələnməsi, etirazçıların kütləvi həbsi, hakimiyyətin qanlı zorakılığı və total qanunsuzluqlar şəraitində keçir.

Parlament seçkilərinə beş gün qalmış Ermənistanda ictimai-siyasi vəziyyətin daha da gərginləşməsi müşahidə olunur. Belə görünür ki, hakimiyyət özü üçün təhlükəli saydığı müxalif qüvvələrin neytrallaşdırılması məqsədilə inzibati metodlardan, təzyiqlərdən istifadəyə qərar verib. Müxalifətin buna qarşı çıxmaq cəhdləri vəziyyəti daha da kəskinləşdirir və ölkədə yeni vətəndaş qarşıdurmasının başlanmasını istisna etmir. Hazırda hakimiyyətin əsas diqqəti “Ohanyan-Raffi-Oskanyan” blokuna yönəltməsi də özünü qabarıq formada büruzə verir.

İqtidar sərt repressiyalara başlayıb

“Ohanyan-Raffi-Oskanyan” blokuna qarşı hakimiyyət güc metodlarından daha çox istifadə edir. Elə bu günlərdə Armavir vilayətinin Cararat kəndində sabiq müdafiə naziri Seyran Ohanyanın seçicilərlə görüşü zamanı atışma baş verib. Erməni mediası yazır ki, seçicilərlə görüş zamanı kənd administrasiyasının rəhbəri, hakim Respublika Partiyasının üzvü Samvel Qalstyan Ohanyanı və tərəfdarlarını hədələməyə başlayıb. Bundan sonra Ohanyanın adamlarına tərəf atəş açılıb. Keçmiş müdafiə naziri özü insidentə münasibət bildirərkən deyib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb.

Sözügedən bloka qarşı yaradılan problem təkcə bununla məhdudlaşmır. Bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstandan ölkə ərazisinə “İqla” daşınan zenit-raket qurğusunun gətirilməsi işi üzrə üç nəfərin, o cümlədən qondarma “DQR”in keçmiş “müdafiə naziri” Samvel Babayanın həbs olunduğunu bildirib.

Xatırladaq ki, Samvel Babayan “Ohanyan-Raffi-Oskanyan” blokunun əsas aparıcı simalarından biridir.

Seyran Ohanyan həbsi hakimiyyətin repressiv metodları işə salması ilə əlaqələndirir: “Samvel Babayan bizim ideya tərəfdaşımızdır, tərəfdarımızdır. Onun həbsi alyansa qarşı davam etməkdə olan münasibətin nəticəsidir. Babayanın həbsi bizim seçki blokuna qarşı təzyiqlərin davamıdır”.

Ohanyan onu da qeyd edib ki, Babayanı sonadək müdafiə edəcəklər, hakimiyyətin qondarma ittihamla öz məqsədinə çatmasına imkan verməyəcəklər. Onun sözlərinə görə, Ermənistana yeni hakimiyyət lazımdır: “Qoy yeni, daha savadlı, bu ölkəni irəliyə apara bilən qüvvələr hakimiyyətə gəlsin”.

Blokun digər lideri “İrs” partiyasının sədri Raffi Ovannisyan isə Samvel Babayanı siyasi məhbus adlandırıb. O vurğulayıb ki, Babayan özünün vətəndaş və siyasi baxışlarına görə həbsə atılıb. Ümumilikdə blok Babayanın həbsini siyasi sifariş, bloka təzyiqlərin davamı kimi qiymətləndirib və onun azad edilməsi üçün mübarizə aparacağını bildirib. Amma Milli Təhlükəsizlik Xidməti Gürcüstandan “İqla” zenit-raket qurğusu gətirənlərin Samvel Babayanın göstərişi ilə hərəkət etdiklərini bildirir.

Ermənistan prezidentinin vertolyotunu vurmaq istəyiblər

Hadisələrin inkişaf axarı göstərir ki, Samvel Babayanın həbsi müxalifət və iqtidar düşərgəsi arasında ziddiyyətlərin daha da dərinləşməsinə rəvac verəcək. Bu durumda müxalifət ölkə əhalisinin diqqətini məhz iqtidarın artan repressiyasına yönəltməyə çalışır və Samvel Babayanın həbsi buna daha bir bariz nümunə qismində göstərilir. Samvel Babayanın vəkili Avetik Kalaşyan isə müdafiə etdiyi şəxsə qarşı qondarma ittihamların irəli sürüldüyünü bildirir. Vəkilin sözlərinə görə, Babayan ölkəyə “İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı ona qarşı iddiaları qəti şəkildə rədd edir.

Amma Ermənistanın Baş Prokurorluğu tamam ayrı səpkidə bəyanat yayıb. Burada qeyd olunur ki, Samvel Babayan və digər həbs olunanlar “İqla” zenit-raket kompleksinin və 9M39 raketinin qaçaqmalçılığında iştiraklarını etiraf ediblər. Zenit-raket kompleksinin köməyi ilə həmçinin Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi də nəzərdə tutulubmuş.

Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində martın 22-də “İqla” zenit-raket kompleksinin tərkib hissələri və həmin kompleksə daxil olan 9M39 raketi aşkar edilib: “Bununla əlaqədar martın 22-də Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanılıb. Bu cinayətdə iştirakda şübhəli bilinərək elə həmin gün üç nəfər, o cümlədən Samvel Babayan həbs edilib. İstintaq zamanı əldə olunmuş kifayət qədər dəlil əsasında Samvel Babayana və onun əlaltılarına həmin iki maddə üzrə ittiham irəli sürülüb. Baxmayaraq ki, təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməyiblər, ifadə verdikləri zaman şübhəlilər, o cümlədən Samvel Babayan sözügedən silah-sursatın qaçaqmalçılığında iştiraklarını etiraf ediblər və işin mahiyyəti üzrə məlumat veriblər. Məhkəmənin 24 mart tarixli qərarı ilə ittiham edilənlər iki ay müddətinə həbs cəzasına məhkum olunublar. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

Samvel Babayan silahlı üsyana hazırlaşırmış

Erməni mediası yazır ki, əslində Samvel Babayanı həbs etməklə hakimiyyət özü üçün təhlükə saydığı fiqurlardan birini neytrallaşdırıb. “Aykakan Jamanak” qəzeti iddia edir ki, seçkilərdən sonra Samvel Babayan ölkədə silahlı üsyan törədilməsinə ciddi surətdə hazırlaşıb: “Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Ovannisyan ittifaqı Ermənistan parlamentində təmsil olunmayacağı halda Samvel Babayan geniş etiraz aksiyaları ilə silahlı üsyan təşkil etməyə hazırlıq görüb”.

Nəşrin xəbərinə görə, əslində “Sasna Tsrer-2” silahlı qruplaşmasının təkrarlanmasına yalnız Yerevanda deyil, Ermənistanın müxtəlif bölgələrində də cəhd olunması nəzərdə tutulub: “Çoxsaylı bölgələrdə dövlət strukturlarının tutulması o əqidə ilə gerçəkləşdiriləcəkdi ki, Ermənistan polis və hüquq mühafizə orqanlarının digər bölmələrinin qüvvələri, eyni zamanda bir neçə bölgədə vəziyyəti nəzarət altına ala bilməsinlər”.

Nazirin istefası tələb olunur

Hadisələrin inkişaf axarı göstərir ki, yeni parlament seçkiləri Ermənistan üçün o qədər də asan olmayacaq. Qeyd edək ki, bu, ötən il qəbul olunmuş yeni konstitusiyadan sonra keçiriləcək ilk seçkilərdir. Yeni konstitusiyaya görə, hazırkı prezidentin səlahiyyət müddəti 2018-ci ildə bitəndən sonra ölkədə parlament idarəetmə sistemi tətbiq ediləcək. Prezident seçkiləri ümumxalq səsverməsində deyil, parlamentdə deputatlar tərəfindən keçiriləcək. Hökumət kabinetinin formalaşdırılması ilə də parlament məşğul olacaq.

Parlamentdəki yerlər uğrunda bu dəfə 9 siyasi güc - 4 partiya və 5 blok mübarizə aparır. Onlardan biri də keçmiş prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu “Ermənistan Milli Konqres-Ermənistan Xalq Partiyası” blokudur. Blok artıq hakimiyyət qarşısında müəyyən tələblər qoyub. Məsələn, qurum elm və təhsil naziri Levon Mkrtçyanın istefasını tələb edir. Seçki blokunun bununla bağlı yaydığı bəyanatda ölkənin təhsil müəssisələrinin aprelin 2-də keçiriləcək seçkilərin saxtalaşdırılması prosesində iştirak etdiyi, qanunla yasaq edilən tədbirlərin keçirildiyi, materialların yayıldığı qeyd olunub. Bildirilir ki, ölkənin ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri kütləvi şəkildə hakimiyyətin saxtakarlıq planlarına cəlb olunur, hakim Respublika partiyasının qalib olması üçün administrativ rıçaqlardan istifadə edilir.
Məktəb direktorları, müəllimlər və valideynlərdən bu məqsədlər üçün istifadəni qanunsuz sayan bəyanat müəllifləri bildiriblər ki, hakimiyyətin təkzibinə baxmayaraq, administrativ resurslardan istifadə olunmaqla bu sektorda çalışanların siyahıya alınması faktdır. Elə bu səbəbdən blok məsələnin ciddi şəkildə araşdırılmasını və hüquqi qiymət verilməsini, həmçinin elm və təhsil naziri Levon Mkrtçyanın istefaya göndərilməsini tələb edir.

Amma saxtakarlıq amilləri təkcə təhsil müəssisələrini əhatə etmir. Ölkə boyu hakimyyət nəzarətində olan bütün qurumlarda saxta yolla olsa belə, hakim partiya təmsilçilərinin “qalib” gəlməsi barədə təlimatlar verilib və bu istiqamətdə də əməli addımlar atılır. Bütün ölkədə hakimiyyətin əməlindən narazılıq edənlərin sayı sürətlə artır və onlar müxalifət cəbhəsində birləşir.

“Serj qatildir”

Müxalifətin sosial dayaqlarının indi kifayət qədər güclü olması özünü Yerevanda fəal Artur Sarkisyanın xatirəsinə həsr olunmuş təntənəli yürüşdə qabarıq şəkildə göstərib. Xatırladaq ki, 2016-cı ilin yayında “Sasna Tsrer” silahlı qruplaşması Serj Sarkisyan hakimiyyətinə qarşı üsyana qalxarkən Artur Sarkisyan onlara çörək daşıyıb və bu səbəbdən də həbs edilib. Ötən il dekabrın 31-də azadlığa buraxılsa da, az sonra məhkəmə qərarı ilə yenidən həbs edilib. Həbsxanada olarkən “çörəkdaşıyan” kimi məşhurlaşan Artur Sarkisyan aclıq elan edib və martın 16-da isə həyatını itirib.
Bu günlərdə baş verənlərlə bağlı müxaliflər keçirdikləri mitinqdə baş prokuror Artur Davtyanın istefasını, həmçinin Sarkisyanın təkrar həbsi barədə vəsatət qaldırmış müstəntiqin, eləcə də həmin vəsatəti təmin etmiş hakimin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Onlar “Çörək verəni öldürdülər”, “Serj qatildir” və “Biz həll edirik” şüarları səsləndiriblər.

Hakimiyyətin Artur Sarkisyanı “Yerablur” panteonunda yox, Şaumyan qəbiristanlığında dəfn etmək istiqamətində addımları vəziyyəti daha da gərginləşdirib. Aksiya iştirakçıları baş nazirin müavininin etirazçılarla görüşərək Artur Sarkisyanın “Yerablur” fəxri xiyabanda dəfn edilməsinə icazə verilməməsinin səbəbini izah etməsini tələb ediblər. Amma hakimiyyətin buna etinasız yanaşması vəziyyəti daha da gərginləşdirib.
Asayiş keşikçiləri Yerevan polisinin rəis müavini Valeri Osipyanın rəhbərliyi altında etirazçılara qarşı zor tətbiq edərək onların bir neçəsini həbs edib. Müxalifət bunu hakimiyyətin növbəti zorakılığı kimi dəyərləndirib. Etirazçıların liderləri sayılan Şayen Arutyunyan insanları hər gün toplaşmağa və Sarkisyan rejimini istefaya çağırmağa səsləyib: “Biz Yerevanın küçələrindən o vaxta kimi getməyəcəyik ki, bütün Ermənistan ayağa qalxacaq və hamı anlayacaq ki, hakimiyyətdəki canilərlə bundan sonra yaşamaq mümkün deyil”.

Hakimiyyət isə bu və digər etirazların qarşısını güc yolu ilə almağa çalışır. Amma müxaliflər bu ayın axırına kimi daha böyük etiraz aksiyaları keçirməyi bəyan edirlər. Elə bu da Ermənistanda qarşıdurmaların başlanmasını istisna etmir. Çünki müxalifət aksiyalara yeni qüvvələr cəlb etməyə çalışdığı bir vaxtda iqtidar bunu məhz güc yolu ilə dağıtmaq istiqamətində hazırlıqlar görür. Belə vəziyyət ölkədə ciddi qarşıdurmanı istisna etmir.

Elçin CƏFƏROV - “Azərbaycan”

XƏBƏRİ PAYLAŞ