DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı (ƏLAVƏ OLUNUB)

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Dailykarabakh-ın məlumatına görə, bu fikirləri Prezident, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir.

Aprel döyüşləri göstərdi ki, Ermənistan xarici yardım almadan torpaqlarımızı işğal altında saxlaya bilməz

Dövlət başçısının sözlərinə görə, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir.

“O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq”, - deyən dövlətimizin başçısı bildirib ki, Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdır və biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar.

İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir

İlham Əliyev qeyd edib ki, aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz.

Prezident, Ali Baş Komandan İlham Əliyev deyib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir.

Prezidentin fikrincə, aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.

“Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır”, - deyə dövlətimizin başçısı bildirib.

Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyətin yarandığını vurğulayan Prezident İlham Əliyev deyib: “Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.

“Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik”

Prezident, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirib ki, aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi.

Dövlətimizin başçısı deyib: “İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.

“Heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz

İlham Əliyev daha sonra deyib: “Bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər “.

Prezident qeyd edib ki, Ermənistan öz müstəqil həyatını bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər, bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil.

“Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcək”, - deyən Ali Baş Komandan vurğulayıb ki, indi maliyyə vəziyyətimizin əvvəlki illərdəki kimi olmamasına baxmayaraq, ordumuzun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyət yoxdur. Büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

XƏBƏRİ PAYLAŞ