DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: “Qarabağa qanunsuz səfər etmiş xarici vətəndaşın Azərbaycana təhvil verilməsi onun kimilərə dərs oldu”

“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”.

Dailykarabakh-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlətimizin başçısı vurğuladı ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.

Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd etdi, bu “referendum”u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğuladı. “Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu “referendum”u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu”, - deyən dövlətimizin başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd etdi. Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs oldu.

Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlətimizin başçısı bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd etdi. Vurğuladı ki, bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir. Bununla yanaşı, bu, bir daha göstərir ki, 20 ildən çoxdur doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıtmaq arzusu ilə yaşayırlar.

XƏBƏRİ PAYLAŞ