DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Laricani: İran Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Müdafiə Nazirliyindən Dailykarabakh-a verilən məlumata görə, görüşdə Müdafiə naziri Azərbaycan və İran prezidentlərinin, dövlət rəsmilərinin çoxsaylı görüşləri və qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini, ikitərəfli əməkdaşlığın inkişafına və daha da güclənməsinə xidmət etdiyini bildirib.

Regionda təhlükəsizlik məsələlərinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.

Ə.Laricani isə öz növbəsində, İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.

Tərəflər Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə ediblər.

XƏBƏRİ PAYLAŞ