DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir - HESABAT

“2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir”.

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatında deyilir.

Bildirilir ki, aprel müharibəsinə səbəb olan siyasi və təhlükəsizliklə bağlı vəziyyət daha ağırdır, hər iki tərəf eskalasiyanın yeni dalğasının başladığını iddia edir: “May ayında təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Nizamlama prosesi dayanıb, hər iki tərəf qarşıdurmaya hazırdır. Bu gərginlik çoxsaylı dinc əhalinin ölümünə gətirib çıxara biləcək genişmiqyaslı müharibəyə və regional güclərin məsələyə müdaxiləsinə gətirib çıxara bilər. Rusiya, Fransa və ABŞ fikir ayrılıqlarına son qoyaraq, tərəflərə konkret güclü təzyiq göstərməli və zorakılığın yenidən baş qaldırması riskinin qarşısını almalıdır”.

Hesabatda deyilir ki, ötən ilin may və iyun aylarında prezidentlər səviyyəsində keçirilən görüşlər nəzərəçarpacaq nəticələr verməyib, əksinə ötən il yayın sonlarından eskalasiya daha da güclənib və onlarla insanın ölümünə səbəb olub: “Ermənistan və Azərbaycan liderləri bir-birinə inanmırlar, bir-birinin maraqlarını nəzərə almaq istəmirlər. Onların, habelə hökumət rəsmiləri və ya hərbi vəzifəlilər arasında kommunikasiya mövcud deyil. Nəticədə dayanma baş verib ki, bu da vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi deməkdir. Həmçinin hər iki cəmiyyətdə belə bir fikir formalaşıb ki, yeni müharibə qaçılmazdır və hətta müharibə bahasına olsa belə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”.

Hesabata əsasən rəsmi Bakı ərazilərinin ilhaqının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, Qərbin sanksiyalarının tətbiqi məsələsində daha tələbkar olmağa başlayıb: “O beynəlxalq subyektlərin Dağlıq Qarabağda fəaliyyətinin qarşısını alır, bu regionda iqtisadi fəaliyyətə və ora səfərlərə mane olur. Gərginlik artdıqca, beynəlxalq vasitəçilik yubanır. Rusiya ən çox təsirə malik xarici oyunçu olsa da, onun bu məsələdə iştirakı qəlizdir. O, Minsk qrupunda ən böyük marağa sahib ölkədir, eyni zamanda Ermənistan və Azərbaycana ən çox silah satan ölkədir. Hər ikisindən görünür ki, Rusiya münaqişənin həllindən çox regionda öz maraqlarını genişləndirməyə çalışır”.

Böhran Qrupunun şərhinə görə, güclənməkdə olan qarşıdurma fonunda vasitəçilərin başlıca vəzifəsi Ermənistan və Azərbaycan liderləri arasında mütəmadi təmasları təmin etmək, İrəvan və Bakını mövqelərini yumşaltmağa və ritorikadan əl çəkməyə məcbur etmək olmalıdır: “Onlar hər iki ölkəni məcbur etməlidir ki, etimad və təhlükəsizliyi bərpa etmək üçün təcili tədbirlər barədə razılığa gəlsinlər. Buraya həmçinin ATƏT-in monitorinqini həyata keçirən şəxslərin sayının artırılması, ATƏT rəhbərliyi ilə araşdırma mexanizmlərini işə salınması və ərazilərdə vəzifəli hərbçilər arasında mütəmadi təmasların yaradılması daxildir. Paralel olaraq tərəflər həll olunmamış məsələlərlə bağlı substantiv, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizlik təminatı və məcburi köçkünlərin qaytarılması məsələləri ilə bağlı danışıqlar aparmalıdır”.

XƏBƏRİ PAYLAŞ