DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: "Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir. Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir".

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı mərasimindəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.

"Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir görülmür. Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Çünki bu ölkə XXI əsrdə başqa ölkənin ərazisini işğal altında saxlayır, başqa xalqa qarşı soyqırımı törədib, bütün tarixi abidələri dağıdıb. Cocuq Mərcanlının dağılmış mənzərəsi bunun əyani sübutudur. Bizim işğal edilmiş bütün torpaqlarda da eyni vəziyyətdir.

Beynəlxalq hüquqa gəldikdə isə beynəlxalq hüquq tarixi ədalət kimi tamamilə bizim mövqeyimizi gücləndirir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” da onların - separatçıların, işğalçıların növbəti iflası, növbəti biabırçılığı idi. Çünki bu “referendum”u heç bir beynəlxalq təşkilat, qonşu ölkələr, Avropa İttifaqı, Minsk qrupunun həmsədr ölkələri tanımayıb. Yəni, bu qondarma “referendum”u tanımamaqla bütün bu ölkələr və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O qondarma, separatçı xunta rejimini dünya birliyi tanımır və tanımayacaq. Ona görə, tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki, bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni, bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır.

Əlbəttə, öz məqsədimizə çatmaq üçün biz daha da güclü olmalıyıq. Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin hüquqi bazasını yaradır. Ancaq güc amili əsas rol oynayır. Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə elə də yozur və güc amilindən istifadə edərək reallıqda vəziyyəti dəyişmək mümkün olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə işlər aparılır", - deyə prezident vurğulayıb.

XƏBƏRİ PAYLAŞ