DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan Prezidenti: “Ordumuz bir həftə əvvəl düşmənə layiqli cavab verdi”

“Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü əldə etmişik və bunu artırırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın döyüş qabiliyyətini əks etdirən bir çox hadisə baş verib: “Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad ediblər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıb ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın”.

Prezident İlham Əliyev bildirib ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir, böyük uğurdur: “Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin qayıtması onu göstərir ki, bizim bütün köçkünlər öz doğma şəhərlərinə, kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu gün Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir. Keçən ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu da hər bir vətənpərvər Azərbaycan vətəndaşını fərəhləndirir. Yəni, bizim kifayət qədər gücümüz var və Ermənistanın bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə qarşı silahlı təxribat törədildi, Azərbaycan Ordusu düşmənə layiqli cavab verib”.

XƏBƏRİ PAYLAŞ