DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Zülmət qırmızı

4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyevaya həsr olunur…

Zəhra ilk dəfə özündə güc taparaq, ayaqlarını yerə kilidləyir. Körpə vücudu əvvəlcə ona ağır gəlir, lakin bu dəfə qətiyyətlidir. Nəhayət ki ilk addımını atır. Belə getsə, tezliklə gəzməyi öyrənəcək! Silkələnə-silkələnə özünü birtəhər atasına yetirir. Onun isti qucağına öz addımları ilə gəlib çatır. Bu, onun ilk zəfəridir… İlk və son…

Tələsirdi böyüməyə… Danışmaq istədiyi sözlər, atmaq istədiyi addımlar var idi. Onu sevənləri sevindirmək istəyirdi. Əgər buna nail ola bilsə, anası ona təzə oyuncaqlar alacaq, atası gəzməyə aparacaq, nənəsi də həmişəki kimi nazı ilə oynayacaqdı. Axı hələ hər şey qabaqdadır…

Anası başı oyuncaqlarına qarışan Zəhraya tərəf yaxınlaşır. Balaca qızcığazın yenə üst-başını buladığı görüb başını yelləyir. “Zəhra, yenə üstünü batırmısan?” Qızdan səs çıxmır. Anası onun sükutuna təbəssümlə cavab verir və bir anlıq qızına diqqətli bir nəzər yetirir. Artıq il yarımdır ki onun həyatının mənasına çevrilən, həyatı gözündə daha gözəl göstərən bu varlığa heyranlıqla baxır. Nədənsə, qayğısız halda oyuncaqları ilə oynayan qızını özü ilə müqayisə edir. Ömrü boyu hər an gülləyə tuş gəlmək qorxusu, uşaqlıqda tanıdığı insanların necə döyüşlərdə qəhrəmanlıqla vuruşduğu və şəhid olduğu ilə bağlı hekayələrlə böyüyən qadının daxilində gizli bir qorxu baş qaldırır. Əslində bu qorxu heç vaxt yoxa çıxmır. Sadəcə xoşbəxt anlarda bir qədər dərinə enir və vaxtı gələndə yenidən üzə çıxır. Böyüməyə üz tutan, qarşıda bütöv bir ömür olan qızına tamaşa etmək isə əsl xoşbəxtlikdir. Bəs onda daxilindəki bu sıxıntının səbəbi nədir?

Zəhranın da həyatının onun kimi daim təşviş içərisində, ölümlə burun buruna keçməsini istəmir. Lakin həyat təcrübəsi ona sübut edib ki, yaralı Vətənin körpələri də yaralı böyüyürlər. Sağalmağın yeganə yolu isə qələbədir. “Bəlkə də xalçanın üzərində sakitcə oynayan, məsum baxışlı, qısa saçlı, nur üzlü bu körpə də nə vaxtsa həmin qələbəyə xidmət edəcək?” – deyə ağlından keçirir. Axı Zəhranı Vətəninə, millətinə faydalı bir insan kimi yetişdirmək onun ən böyük arzusudur.

Qadın gözlərini bağlayır və övladının gələcəyini xəyalında canlandırmaq istəyir. Gözünün qarşısına xoş duyğularla zəngin səhnələr gətirməyə cəhd edir. Amma alınmır… Xəyal dünyası zəngin olan qadın indi heç nə təsəvvür edə bilmir. Sadəcə qaranlığa yaxın bir qırmızı görür. Qaynar, kədərli, zülmət bir qırmızı…

Gözlərini açır və Zəhraya yaxınlaşır. Qızını çirkli köynəyini dəyişməyə aparır. Səbəbsiz yerə içində baş qaldıran narahatlıqdan qurtulmaq istəyir. Zəhraya çox xoşladığı, qısaqol sarı köynəyini geyindirir. Düşünür ki, bəlkə sarının müsbət enerjisi onun da ovqatını yaxşılaşdırar. “Lap Günəşə bənzədin, Zəhra! İşıq saçırsan, göz qamaşdırırsan!” – deyərək qızının yumşaq yanaqlarından öpür. Hələ söz ehtiyatını yetərincə zənginləşdirə bilməyən qızcığaz anasının nə dediyini aydın başa düşməsə də, hiss edir ki yaxşı sözlər deyib. Zərif dodaqlarını aralayıb utancaq təbəssümlə anasına qarşılıq verir. Uşaq təxəyyülünün qayğıdan və fikirdən uzaq abu-havası anasına da sirayət edir. Qadın Zəhranı yenidən oyuncaqları ilə baş-başa qoyaraq öz işinə qayıdır.

Anası uzaqlaşan kimi balaca qız hər gün olduğu kimi yeni kəşflər axtarışına çıxmaq istəyir. Torpağın altında heç vaxt görmədiyi yeni bir soxulcanı, beli bükülməyə üz tutmuş yeni bir ağacı, daha öncə nəzərindən yayınmış qonşu həyəti kəşf etmək arzusu bütün varlığına hakim kəsilir. Koppuş barmaqları ilə nənəsinin ətəyindən yapışıb həyətə tərəf dartır. Qadın etiraz eləmədən nəvəsini qucağına alır. Axı bu şirin qız onun da ürəyində qalaqlanmış ağrılara ən böyük dərman olmuşdu. İstəsə belə onun xətrinə dəyə bilməzdi.

Həyətə çıxırlar. Axşam saatlarında hava sərin olur. Zəhra azca büzüşərək nənəsinə sığınır. Bayaq anasının ona bənzəttiyi Günəşin şəfəqləri getdikcə zəifləməyə üz tutur. Balaca qız gözlərini səmaya zilləyir. Yerdə maraqlı bir şey olmayanda belə, səmada həmişə nə isə qeyri-adi bir bulud tapmaq olar. Mavi ilə üzərində hərəkət edən bəyazların alaqaranlıqdakı möhtəşəm vəhdəti körpəni ovsunlayır. Göylərdə azad hərəkət etməkdə olan o bəyaz canlılara qibtə ilə baxır. O da buludlar kimi bütün qüsurlardan, ləkələrdən azad halda, açıq səmada sonsuzluğa doğru qanad çalmaq istəyir…

Elə bu vaxt qəribə bir qaraltı gözünə dəyir. Getdikcə yaxınlaşan, qəzəb və nifrət dolu bir qaraltı… Həmin qaraltı gəlişi ilə Zəhranın körpə varlığına ağlasığmaz bir ağrı bəxş edir. Ona ağlamağa belə imkan verməyəcək qədər dəhşətli bir ağrı! Nə olduğunu anlamağa fürsət qalmadan, bir də baxır ki yerə tolazlanıb. Onu qucağında daşıyan nənəsi də yerə sərələnib. Başını qaldırmaq istəyir. Hiss eləyir ki, yenə üst-başını bulayıb. Eybi yox, anası təzəsini geyindirər. Onsuzda heç vaxt ona hirslənməz. Axı onu hər şeydən çox sevir… Amma yox, alınmır. Qalxmaq mümkün deyil.

Gözlərini yenidən səmaya zilləyir. Günahsız baxışları ilə bu bir neçə saniyəyə sığan nəhəng faciənin yeganə şahidindən mədət umur. Sərhədlərdən, düşmənlərdən, nifrətdən çox uzaqda, heç kəsin ona xətər yetirə bilməyəcəyi qədər yüksəklərdə uçmaq istəyir. Daha körpə vücudu ona ağır gəlməyəcək. Addımlardan da güclü qanadları olacaq. Ruhunun böyüklüyü cılız vücudunun ağrılarını unutduracaq... Göylər balaca qızcığazın ağrılı fəryadına biganə qalmır. Və çox keçmədən, Zəhra qibtə etdiyi buludların arasında onlar kimi azad, rahat, qayğısız, heç bir sərhəd olmadan sonsuzluğa doğru pərvazlanır…

Xülya Cəfərova

XƏBƏRİ PAYLAŞ