DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin IV üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən, onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə geniş müzakirələr aparılıb və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.

Həmçinin iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.

Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyanın vacib rolu qeyd edilib və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulanıb. Həmçinin ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.

Həmçinin TANAP layihəsinin icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi məmnunluqla qeyd olunub.

XƏBƏRİ PAYLAŞ