DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir

Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.

Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir:

“Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb:

“Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var. Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır.

BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo"nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, "statu-kvo" qəbuledilməzdir".

Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.

Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

XƏBƏRİ PAYLAŞ