DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Dünyanın ali siyasi kürsüsündən ötürülən mesajlar

Azərbaycan Prezidenti İlham Əliyev daha bir şanlı tarix yazdı. Tədqiqatçıların şərəflə söyləyəcəyi bir tarix. Bəli, Azərbaycan Prezidentinin Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının açılışında etdiyi çıxış dünya ölkələri üçün, terrorçu, kriminal Ermənistan hakimiyyətini dəstəkləyən qüvvələrə ciddi mesaj oldu.

Çıxışının böyük hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edən dövlət başçımız təkcə Serj Sarkisyan hakimiyyətini deyil, eyni zamanda hayları dəstəkləyən açıq və gizli qüvvələri də sərt tənqid etdi. Dünyanın ali kürsüsündən Serj Sarkisyanı öz adı ilə çağırdı – “Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

Prezident İlham Əliyevin çıxışı səmimiyyətə söykənmişdir, açıq və şəffaf şəkildə bütün tezislər ortalığa qoyuldu: Ermənistanın özbaşınalığı, beynəlxalq hüquqda cəzasızlığın hökm sürməsi, beynəlxalq hüququn təməl prinsipinin ayaqlar altına salınması, münaqişələrin həllində məsuliyyətli olan təşkilatların, dövlətlərin ikili siyasət aparması, Azərbaycanın güc nümayişi.

Necə ola bilər ki, BMT-nin qətnamələri bir neçə günə yerinə yetirildiyi halda, Ermənistanın 25 illik bəşəri cinayətinə göz yumulur? BMT-nin qətnamələri yerinə yetirilmir? Prezident İlham Əliyev bu sualı açıq şəkildə cavablandırdı – “Dünya birliyinin ikili siyasəti”. Əslində, bu mesajlar ünvanlı idi və hər bir çağırış öz ünvanına çatdı.
Azərbaycan bununla bəyan etdi ki, əgər Ermənistanın təcavüzkar siyasəti davam edərsə, beynəlxalq birlik ikili siyasət apararsa, xalqımız öz hüququndan istifadə edərək ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizi hərbi yolla bərpa edəcək. Və onda bütün məsuliyyət vandal Ermənistan hakimiyyəti və onları dəstəkləyən xarici qüvvələrin üzərinə düşəcək. Artıq dünya mediası da Prezident İlham Əliyevin bu mesajlarını tirajlamaqdadır.

Bu çıxış bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti yaşayır və qalib gəlir. Azərbaycanın xarici siyasətdəki uğurları, müstəqil siyasət yürütməsi ölkəmizin beynəlxalq nüfuzunu artırır. Yenilənən, inkişaf etdirilən xarici siyasətimiz nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilir və lazım olan anda güc nümayiş etdirir. Ardıcıl və düşünülmüş siyasət Azərbaycanı daha da gücləndirir. Dövlət başçımızın apardığı çevik diplomatik mübarizə nəticəsində cinayətkar, terrorçu Ermənistan dövləti ifşa edilir. Təsadüfü deyil ki, Ermənistanın beynəlxalq norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması faktını tanıyan dünya dövlətləri artmaqdadır.

Prezident İlham Əliyev çıxışında söylədiyi kimi Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.

Dailykarabakh-ın Siyasi Qrupu

XƏBƏRİ PAYLAŞ