DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Binəli Yıldırım: Ermənistan silahlı qüvvələrinin iki yaşlı Zəhranı qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir

Azərbaycanın Türkiyədəki sabiq səfiri Faiq Bağırov fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çankaya Köşkündə Baş nazir Binəli Yıldırım ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Faiq Bağırovun Türkiyədə yeddi ildən artıq müddəti əhatə edən fəaliyyətini uğurla həyata keçirməsindən məmnunluğunu ifadə edən B.Yıldırım iki qardaş ölkə arasındakı 25 illik diplomatik əlaqələrin bu gün ən yüksək səviyyəyə çatdığını söyləyib.

Dağlıq Qarabağ məsələsində hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönmələrinin onların ən ali hüquqları olduğunu, Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə Türkiyənin beynəlxalq səviyyədə birmənalı dəstək verdiyini və mövqeyinin dəyişməz qaldığını diqqətə çatdıran Baş nazir təcavüzkar Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara kəskin etirazını bildirib. O, cari il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasını insanlıq əleyhinə cinayət kimi dəyərləndirib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də TANAP və bu kimi digər beynəlxalq layihələr, həmçinin qeyri-neft sektoruna aid çoxistiqamətli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinin, həmçinin dövlət başçılarının ölkələrimizin rifahı naminə birgə səylərinin bugünkü əlaqələrimizin əsasını təşkil etdiyini diqqətə çatdıran Faiq Bağırov bunun gələcəkdə münasibətlərin inkişafına daha da böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyevə salamlarının və xoş arzularının çatdırılmasını xahiş edən Baş nazir Binəli Yıldırım Faiq Bağırova bundan sonrakı fəaliyyətində uğurlar diləyib.

XƏBƏRİ PAYLAŞ